Dekabrın 17-də Ankarada Rusiya Araşdırmaları İnstitutunun (RUSEN) rəhbəri, Yıldırım Beyazit Universitetinin professoru, tarix elmləri doktoru Salih Yılmazın “Çağdaş türk dünyasının tarixi” adlı kitabının təqdimat mərasimi keçirilib.

Kitabda Türkiyə, Azərbaycan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, eləcə də dünyanın fərqli yerlərində – Rusiya Federasiyasında, Pakistanda, Hindistanda, Balkan ölkələrində, Afrikada yaşayan türklərdən bəhs edilir. Bu ölkələrdə türklərin məskunlaşdıqları yerlər, onların dilləri, mədəniyyətləri, inancları, həyat tərzləri, tarixləri, iqtisadiyyatları haqqında məlumat veriilir. Kitab universitet tələbələri ilə yanaşı, cəmiyyətdə bu mövzu ilə maraqlanan hər kəs üçün nəzərdə tutulub.

Salih Yılmazın sözlərinə görə, kitabda Qarabağ zəfərinin Azərbaycan və türk dünyası üçün əhəmiyyəti və dəyərinin analizi xüsusi məqsəd daşıyır. Müəllif Azərbaycan-Türkiyə əməkdaşlığının, müttəfiqliyinin bəzi problemlərin həllində nə qədər əhəmiyyətli olmasını göstərməklə digər türk dövlətlərinə və bütövlükdə türk dünyasına mesaj verir: “Biz nə qədər birlik, bərabərlik içində olsaq, o qədər güclü və yenilməz olarıq. Azərbaycan-Türkiyə müttəfiqliyi nümunəsini digər türk dövlətlərində də tətbiq etməliyik”.

Qeyd edək ki, kitabın Azərbaycanla bağlı bölməsində Azərbaycanın coğrafiyası, Azərbaycan türklərinin bu ərazilərdə ilk məskunlaşma çağı, “Çar Rusiyası dönəmində Azərbaycan”, İlk Türk Cümhuriyyətinin qurulması” mövzuları, Azərbaycanda ictimai və iqtisadi həyat, mədəniyyət və təhsilin vəziyyəti, Qarabağ zəfəri, Zəngəzur dəhlizi və digər məsələlər, həmçinin Azərbaycanın tarixi şəxsiyyətləri, o cümlədən Məhəmməd Əmin Rəsulzadə və Heydər Əliyev haqqında məlumatlar verilib.

Mehparə Sultanova
Ankara