“Azərbaycanım” VI Respublika Uşaq Rəsm Festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq.

Ənənəvi festival “Heydər Əliyev İli” çərçivəsində Mədəniyyət, Elm və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Festival müsabiqəsinin sərgiləri mayın 11, 12, 13 və 15-də Xətai Sənət Mərkəzində növbəli şəkildə (yaş kateqoriyaları üzrə) təşkil olunacaq. Əsərlər çərçivələnmiş formada və şəxsi məlumatlar qeyd olunmaqla mayın 10-dək Xətai Sənət Mərkəzinə təqdim edilməlidir.

Mövzusu güllər olan müsabiqəyə respublika üzrə 500-dən çox məktəb və yaradıcılıq müəssisəsindən 2500-ə qədər uşaq, yeniyetmə və gənc qatılıb. Ümumilikdə 3000-dən çox əsərdən 800-ə yaxını sərgilənmək üçün seçilib.

Sərgilənən əsərlərin arasından hər yaş kateqoriyasını təmsil etməklə ümumilikdə 30 uşaq festivala dəvət olunacaq. Festival iştirakçıları hər yaş qrupu üzrə ayrıca olaraq diplom və hədiyyələrlə mükafatlandırılacaq.