Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyinin dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə Xalq rəssamı, görkəmli heykəltaraş Ömər Eldarovla görüş keçirilib.

Təşkilatın sədri Şahin Rəhmanlı “Heydər Əliyev İli”nə həsr olunmuş “MədəniyyətimİZ” layihəsi haqqında məlumat verib. Bildirib ki, Ulu öndər Heydər Əliyev öz fəaliyyəti dövründə daim Azərbaycanın əbədi müstəqilliyi və xalqımızın rifahı naminə çalışıb. Ümummilli lider eyni zamanda mədəniyyətimizin böyük hamisi olub.

Qeyd olunub ki, layihə çərçivəsində il ərzində musiqi, rəqs, teatr, memarlıq, sənətkarlıq, təsviri sənət, kino sənayesi, fotoqrafiya sənəti, ədəbiyyat və nəşriyyat, televiziya və radio sahələri üzrə görkəmli mədəniyyət xadimləri ilə gənclərin müxtəlif məkanlarda interaktiv görüşləri təşkil olunacaq.

Sonra Xalq rəssamı Ömər Eldarov yaradıcılıq fəaliyyəti, müəllifi olduğu əsərlər, habelə Ümummilli liderlə ünsiyyəti, onunla görüşləri barədə xatirələrini bölüşüb.

“Heydər Əliyev və milli heykəltaraşlıq, rəsm sənəti” və “Heykəltaraşlıq və rəsm sənətində müasir dövrə baxış: təhlil və nəticə” istiqamətlərində müzakirələr aparılıb, auditoriyanın sualları cavablandırılıb.

Görüşün bədii hissəsində klassik əsərlərdən ibarət musiqi proqramı təqdim olunub.

Qeyd edək ki, “MədəniyyətimİZ” layihəsinin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli liderin həyat və fəaliyyətinin öyrənilməsi, mədəniyyətin müxtəlif istiqamətləri üzrə müzakirələrin aparılması, yaradıcı ideya bankının formalaşdırılmasıdır.