Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) hotelçilik və mədəni-tarixi turizm istiqaməti üzrə MOOC (kütləvi açıq onlayn kurslar) formatında dərslərin təşkilinə start verilib.

Bu barədə ATMU-dan məlumat verilib. Bildirilib ki, bununla əlaqədar mentor və professor-müəllim heyətinin iştirakı ilə keçirilmiş görüşdə əsasən müvafiq sahələr üzrə videodərslərin çəkilişi, dərs materiallarının platformaya yüklənməsi və ATMU tələbələrinin təlimlərdə iştirakı müzakirə olunub. ATMU-nun Keyfiyyət təminatı şöbəsi tərəfindən təşkil olunan görüşdə Gənclər və İdman Nazirliyinin Regional Olimpiya Mərkəzləri otellərinin rəhbəri Bahar Dadaşova və “Azərxalça”nın yaradıcı direktoru Əsmər Abdullayeva, ATMU-nun professor-müəllim heyəti iştirak edib.

Qeyd edək ki, MOOC platformasının yaradılması və mentorların bu prosesdə iştirakı Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Erasmus+ “Xəzər regionunun inkişafını dəstəkləmək məqsədilə universitet-sənaye əməkdaşlığını həyata keçirən Təcrübə Müəssisələri pilot kursları, PICASP” layihəsi çərçivəsində olacaq. Layihənin davamında onlayn dərslərin təşkili, innovativ metodlardan istifadə edilməsi ilə əlaqədar akademik heyətə metodiki dəstəyin göstərilməsi kimi məsələlər də nəzərdə tutulub.