Küveyt Dövlət Universitetində ərəb dili üzrə təhsil alan tələbələrin məzun olması ilə əlaqədar “Beynəlxalq Gün” təşkil edilib. Tədbirə Küveytdə akkreditə olunmuş diplomatik nümayəndəliklər də qatılıblar.

Azərbaycanın Küveytdəki Səfirliyindən bildiriblər ki, tədbir çərçivəsində sərgi də təşkil olunub. Azərbaycan səfirliyinin dəstəyi ilə qurulan stenddə ölkəmizin mədəniyyəti, mətbəxi, milli geyimləri, xalçaçılıq sənəti, turizm potensialı barədə məlumat verilib, çap materialları paylanılıb. Onların arasında ərəb dilində nəşr olunmuş “Şuşa: Azərbaycan mədəniyyətinin paytaxtı, Qarabağın incisi” adlı kitab, Şuşa şəhəri ilə bağlı “İrs” jurnalının xüsusi buraxılışı da yer alıb.

Sərginin təşkilatçılarına Şuşada keçirilən “Xarıbülbül” festivalı ilə bağlı təbliğat materialları, üzərində Yuxarı Gövhər ağa məscidinin təsviri olan kiçik xalçalar hədiyyə edilib.

Bununla yanaşı, sərgidə ölkəmizin tarixi və müasir mədəniyyət abidələrini, gəzməli və görməli yerlərini, tarixi məkanlarını və milli-mənəvi dəyərlərini əks etdirən broşürlər, habelə milli geyim və mətbəx nümunələrimiz nümayiş olunub və ziyarətçilər Azərbaycan mətbəxinə aid şirniyyatlara qonaq edilib.

Ölkəmizdə istehsal olunan “Bizim tarla” və “Azərçay” brendlərinin məhsulları da sərgi iştirakçılarına hədiyyə edilib.