Söz-sənət bayramı 14-15 iyulda Şuşada davam edəcək...

 

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günləri iyulun 13-də şairin doğma şəhərində – Qazax rayonunun Yuxarı Salahlı kəndində Vaqifin büstünə gül qoyulmaqla başlayıb.

Sonra mədəniyyət və incəsənət xadimləri, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, gənc yazarlar Qazax şəhərinin mərkəzindəki “Mütəfəkkirlər parkı”nda toplaşıblar.

Mədəniyyət nazirinin müavini Murad Hüseynov Vaqif Poeziya Günlərinin keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, Şuşa işğaldan azad olunandan sonra dövlət başçımızın ilk sərəncamlarından biri Şuşada həm “Xarıbülbül” festivalının, həm də Vaqif Poeziya Günlərinin keçirilməsi oldu. 2021-ci ildən başlayaraq hər iki layihə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilir.

Qeyd edilib ki, Vaqif Qazaxda dünyaya göz açsa da, Şuşada məşhurlaşıb və orada dəfn olunub. Qazaxda start götürən Vaqif Poeziya Günləri iyulun 14-15-də mədəniyyət paytaxtımız Şuşada davam edəcək.

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi deyib ki, Şuşa azad olunandan sonra artıq 3-cü ildir Vaqif Poeziya Günləri keçirilir: “Hələ sovet dövründə Vaqif Poeziya Günləri Vaqifin vətənində – Qazaxda başlayırdı, Şuşada davam edirdi. Bu il qərar belə oldu ki, poeziya günləri ənənəyə uyğun olaraq Qazaxda başlasın”.

Ədəbiyyatşünas Rüstəm Kamal çıxışında qeyd edib ki, Vaqif yazılı ədəbiyyatımızın milli-etnik kodlarla köklənməsində və poeziyamızda xalqımızın öz obrazının yaradılmasında müstəsna rolu olmuş şairdir. Vaqif başdan-ayağa işıq poeziyasıdır. Onun şeirlərində ən çox mənalanan, ən çox hallanan, ən çox diqqət çəkən “nur”, “işıq”, “şölə” sözləridir. Alim bildirib ki, dövlətimizin başçısı İlham Əliyev və Heydər Əliyev Fondu mədəniyyətimizi, ədəbiyyatımızı himayə edir, klassiklərimizin yenidən milli yaddaşımıza qayıtmasında böyük rol oynayır. Buna görə bir ziyalı kimi ölkə rəhbərliyinə təşəkkür edirəm.

Şair-publisist Əkbər Qoşalı bildirib ki, builki Vaqif Poeziya Günləri Türk dünyasından gəlmiş şair və yazıçıların iştirak etməsi ilə də əlamətdardır.

Şair İbrahim İlyaslı da Vaqifin Azərbaycan ədəbiyyatındakı misilsiz xidmətlərindən, onun yaradıcılığının ədəbiyyatımıza bəxş etdiyi zənginliklərdən danışıb.

Daha sonra söz sənətçilərə verilib, Molla Pənah Vaqifin şeirləri səslənib.