“Biz əlimizdə olan bütün vasitələrlə özünəməxsusluğumuzu və ləyaqətimizi müdafiə edəcəyik”

 

Qədim İpək Yolunda yerləşən ölkələrin xüsusiyyəti, bəlkə də, oxşarlığı ondan ibarətdir ki, onlar cəmiyyətlərinin müxtəlifliyi, çoxetnik və çoxkonfessiyalı xarakteri ilə seçilir. Azərbaycan həmin müsbət ssenarinin bir hissəsidir. Buna görə Azərbaycanın mədəni irsi, gördüyünüz kimi, dövlətimiz tərəfindən lazımınca qorunur. Bu, bizim üçün qorunmalı, saxlanılmalı və yeni nəsillərə ötürülməli sərvətdir ki, onlar da eyni münasibət bəsləsinlər.

Prezident İlham Əliyev bu sözləri Çinin “China Global Television Network” media korporasiyasına müsahibəsində deyib. Müsahibə iyulun 22-də “China Global Television Network” televiziya kanalında yayımlanıb.

Çinli jurnalistin ölkəsinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünün mədəni dəyəri və qədim İpək Yolunun bərpası ilə bağlı sualına cavab olaraq İlham Əliyev bildirib ki, biz mədəni irsimizi əsrlər boyu qoruyub saxlamışıq. Baxmayaraq ki, Azərbaycan uzun müddət öz dövlətçiliyindən məhrum idi: “Biz müstəqil ölkə deyildik. Lakin, eyni zamanda, biz milli özünəməxsusluğumuzu, dilimizi, ədəbiyyatımızı, musiqimizi və ənənələrimizi, mədəni irsimizi qoruyub saxlamışıq. Hətta müstəqil olmadığımız vaxtlarda bunu bacarmışıq. Beləliklə, dünya irsinin bir hissəsi olan mədəni irsimizin qorunmasını birmənalı olaraq davam etdirəcəyik. Eyni zamanda, tərəfdaşlarla bağlantı yaradan bir çox layihələr daha çox səfərlərlə, turistlərlə, ticarətlə, qarşılıqlı fəaliyyətlə nəticələnəcək. Bunun sayəsində mədəniyyətlərimiz və cəmiyyətlərimiz daha da zənginləşəcək. Bir sözlə, biz həmin məsələyə belə nöqteyi-nəzərdən baxırıq. Bəxtimiz çox gətirib ki, Azərbaycan əsrlər boyu və xüsusən də, müstəqillik dövründə, sözün əsl mənasında, etnik və dini dözümlülüyün, birgəyaşayışın yüksək standartlarını nümayiş etdirir. Azərbaycanda bütün etnik qruplar bir ailə kimi yaşayır və bu, bizim ən böyük sərvətlərimizdən biridir. Biz bunları qorumağa çalışırıq və əminəm ki, bu işin öhdəsindən gələcəyik”.

Prezident diqqətə çatdırıb ki, ölkələr arasında iqtisadi-ticari əlaqələr sabitliyi, təhlükəsizliyi möhkəmləndirir və müəyyən dərəcədə, sözün yaxşı mənasında, qarşılıqlı bağlılığı artırır. İnsanlar, ölkələr üçün daha çox fayda olur. Bu şəraitdə, əlbəttə, sabitlik bərqərar olur.

 

Milli maraqlarımıza cavab verməyən hər hansı işə qoşulmuruq

 

Dövlət başçısı jurnalistin Azərbaycan və Çin kimi qeyri-Qərb ölkələrin Qərb mətbuatında qərəzli təsviri haqqında fikrinə də münasibət bildirib. “Sizcə, bu, niyə baş verir? Səhv təsvirin verilməsinin arxasında duran meyarlar nədir” sualına cavabında Prezident İlham Əliyev deyib: “Eyni üsulu Çinə qarşı tətbiq etmələrinin səbəbini söyləmək mənim üçün çətindir. Çox güman ki, bunun səbəbləri var. Amma, Azərbaycana gəldikdə, amillər müxtəlifdir. Əsas olmasa da, həmin amillərdən biri Birləşmiş Ştatlarda, Fransada və bəzi digər Qərb ölkələrində erməni lobbisinin böyük infrastruktura malik olmasıdır. Onlar dövri olaraq Azərbaycana hücum çəkirlər, siyasətçiləri ələ alırlar, onların cəmiyyətinə, parlamentinə, mətbuatına və hökumət orqanlarına yol tapırlar. Bütün oxları Azərbaycana tuşlayırlar və bir növ, Azərbaycanofobiya mühitini yaradırlar. Lakin, bu, yeganə səbəb deyil. Düşünürəm, əsas səbəb ondan ibarətdir ki, Azərbaycan öz milli maraqlarına əsaslanan müstəqil siyasət yürüdür. Bəzi ölkələrdən fərqli olaraq, Azərbaycan prioritetlərimizə və milli maraqlarımıza cavab verməyən hər hansı işə qoşulmur. Başqa sözlə desək, biz müstəqil davranırıq və siyasətimiz müstəqildir. Biz əlimizdə olan bütün vasitələrlə özünəməxsusluğumuzu və ləyaqətimizi müdafiə edəcəyik. Fikrimcə, bu, əsas səbəbdir ki, Azərbaycan davamlı olaraq mətbuatın hədəfindədir, dırnaqarası müstəqil QHT-lərin hücumuna məruz qalır. Hamımız bilirik ki, onlar müstəqil deyil. Kim deyə bilər ki, “Human Rights Watch”, “Amnesty International” və “Freedom House” müstəqildirlər. Baxın, onlar kimdən pul alırlar və kim musiqini sifariş edir. Onda görəcəksiniz ki, onlar tamamilə asılıdırlar...”.

Prezident vurğulayıb ki, biz bu mühitdə yaşamağa öyrəşmişik. “Mənim üçün Qərb mətbuatının Azərbaycan haqqında yazdığı deyil, Azərbaycan xalqının hökumətimizin siyasəti barədə düşündüyü vacibdir. İnsanlarla söhbət apardıqda, görə bilərsiniz ki, onlar hökumətimiz barədə nə düşünür, gördüyümüz işlər düzdür, yoxsa səhvdir”, – deyə İlham Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, cəmiyyətimizin həmrəy olması və güclü ictimai dəstək, əlbəttə, əsasən bizim siyasətimiz, əvvəlcə işğal altında olmuş ərazilərin azad edilməsi sayəsində formalaşır: “Lakin, həmçinin bu, anti-Azərbaycan təşviqatına olan reaksiyadır. Əgər Qərbdə kimsə düşünür ki, hökumət rəsmilərini təhqir etməklə, böhtan və şayiələr yaymaqla Azərbaycanda ictimai rəyə təsir göstərə bilər, lakin həmin təsir onların görmək istədiyi istiqamətdə olmayacaq. Əksinə, cəmiyyət daha da həmrəy olur, çünki biz görürük ki, bu, ədalətli deyil. Biz 30 il işğala məruz qalmışdıq və Ermənistan işğalını orada pisləyən olmadı. Ərazi bütövlüyünü dilə gətirmirdilər...”.

 

“Fransa Ermənistanın ən böyük vəkilinə çevrilib”

 

Prezident bildirib ki, bunlar ikili standartlardır və cəmiyyətimiz bunları çox yaxşı anlayır. Həmçinin bilmək vacibdir ki, söhbət təkcə bəzi jurnalistlərdən getmir. Bu halda hökumətlər də var: “Hazırda biz Fransa hökumətinin, əgər belə demək olarsa, çox əsassız hücumları ilə üzləşirik. Təsəvvür edirsinizmi, Fransa Ermənistanın ən böyük vəkilinə çevrilib. Yaxşı, bu, onların işidir, lakin onlar Avropada ən iri anti-Azərbaycan mənbəyinə çevriliblər. Onlar bizə hər istiqamətdə hücum çəkirlər. Onların xarici siyasi bəyanatları və rəsmilərin bəyanatları hər cür siyasi etikadan kənara çıxır. Onlar müharibə zamanı bizi elə məsələlərdə ittiham etdilər ki, biz bunları heç vaxt etməmişik və bununla bağlı, üzr belə istəmədilər. İndi isə onlar bizi öz ərazimizdə gördüyümüz işlərə görə ittiham edirlər. Baxın hələ bunu kim edir? O ölkə ki, Korsika dilinə qadağa qoyur, Korsikada öz müqəddəratını təyin etmək hərəkatını qəddarcasına boğur. Onlar Qarabağda ermənilərin “öz müqəddəratını təyin etmələrini” təşviq edirlər. Bu, necə ola bilər? Müharibə zamanı siyasi təcavüz bütün sərhədləri aşanda, dedim ki, əgər onlar “Dağlıq Qarabağ respublikasını” haradasa qurmaq istəsələr, qoy öz ərazisində qursunlar. Məsələn, çoxlu erməninin yaşadığı Marsel şəhərinin ətrafında qurub, “Dağlıq Qarabağ respublikasını” orada elan etsinlər, biz də tanıyaq. Bu ölkə hələ də öz müstəmləkəçilik siyasətini davam etdirir. Baxın Mayot adasına, Fransanın müstəmləkəsi. Yeni Kaledoniya, Fransanın müstəmləkəsi. Onlar hələ də insan hüquqları haqqında danışır!? Bu, siyasi riyakarlıqdır. İndi söylədiklərimi biz deyəndə isə, siz görürsünüz ki, onlar bütün mətbuatı dərhal işə salır, Azərbaycanı, onun rəhbərlərini və siyasətini təhqir etməyə, hücum çəkməyə, şayiə yaymağa başlayırlar”.

 

“İlin sonuna qədər sülh müqaviləsi imzalaya bilərik...”

 

Prezident müsahibədə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması perspektivləri barədə də danışıb: “Düşünürəm ki, ona ən yaxın gələcəkdə nail olmaq olar. Nəyə görə mən bu cür düşünürəm, çünki Ermənistan çox mühüm bəyanatla çıxış etməli idi ki, onlar nəinki Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar, –  əslində, onlar bunu rəsmən ötən ilin oktyabrında bəyan etdilər və sonra bir neçə dəfə təsdiqlədilər, – həmçinin bu ilin mayında onlar bunu aydınlaşdırdılar, çünki biz tələb etdik ki, onlar Qarabağı Azərbaycanın hissəsi kimi tanıdıqlarını qeyd etsinlər. Onlar Azərbaycanın ərazi bütövlüyünü 86,6 min kvadrat kilometr ərazidə tanıdılar. Bu əraziyə Qarabağ və Ermənistan ərazisində olan səkkiz Azərbaycan anklavı da daxildir. Bu, əslində, mühüm bəyanatdır. Bundan sonra qalan yeganə məsələ, bunu kağız üzərinə köçürmək və imzalamaqdır. İkinci Qarabağ müharibəsi bitdikdən sonra, sülh müqaviləsi ilə bağlı mövqeyimiz həmin müqavilənin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmasından ibarətdir”.

Dövlət başçısı qeyd edib ki, biz sülh müqaviləsinin əsasını təşkil etməli olan beş beynəlxalq təməl prinsipini hazırlamışıq. Bir neçə dəfə danışıqlar aparılıb və proses davam etdirilir: “Fikir ayrılığının yeganə əsas müddəası onunla bağlı idi ki, Ermənistan Qarabağı rəsmən Azərbaycanın hissəsi kimi tanısın. Artıq dediyim kimi, bir – onlar qeyd etməlidir ki, Qarabağ Azərbaycandır və indi isə, onlar ikincini etməlidirlər: imzalamalıdırlar. Bundan sonra razılaşma əldə oluna bilər və düşünürəm ki, əgər ermənilər söylədiklərini yerinə yetirərlərsə və əgər bu, yenidən siyasi manevr deyilsə, prosesi yubatmaq cəhdləri naminə ixtira edilən hekayət deyilsə, onda biz ilin sonuna qədər sülh müqaviləsinə nail olaraq, onu imzalaya bilərik. Bu, həqiqətən, mühüm geosiyasi amilə çevrilə bilər, uzunmüddətli qarşıdurmaya son qoyar, Qafqazda real sülh yaradar, bütün kommunikasiyaları açar. Həmçinin əlavə etmək istəyirəm, Azərbaycandakı erməni azlığına gəldikdə, biz artıq rəsmən bəyan etmişik ki, onların hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyası əsasında lazımınca qorunacaq. Bununla belə, Azərbaycan onlarla etnik qrupun, o cümlədən ermənilərin yaşadığı ölkədir. Bizim dini və ya etnik zəmində heç zaman hər hansı problemimiz olmayıb. Buna görə, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər hər hansı digər Azərbaycan vətəndaşı qədər bərabər hüquq və təhlükəsizlik zəmanətinə malik olacaqlar”.

 

Azərbaycan çinli turistlər üçün nə ilə cəlbedicidir?

 

Jurnalist müsahibənin sonunda Prezident İlham Əliyevdən Azərbaycanı Çin turistləri üçün cəlbedici edə bilən xüsusiyyətləri sadalamağı xahiş edib.

Prezident deyib: “Birincisi, insanlarımız çox mehriban və qonaqpərvərdirlər. İkincisi, bizim çox müasir hotel infrastrukturumuz var. Rəngarəng təbiətimiz var. Ölkədə doqquz iqlim qurşağı var. Ölkənin ərazisi o qədər böyük deyil, siz qatarla, avtomobillə və yaxud ən uzağı təyyarə ilə asanca qət edə bilərsiniz. Yol infrastrukturu ən yaxşılar sırasındadır. Mətbəx, fikrimcə, ən yaxşılar sırasındadır. Hava çox yaxşıdır. Dağlarda xizək sürə bilərsiniz. Xəzər dənizində üzə bilərsiniz. Velosipedlə dağlara çıxmaq, palçıq vulkanlarını görmək, Qarabağın dağlarına və meşələrinə getmək olar. Göl və çaylarımız var. Həmçinin düşünürəm ki, çinli turistlər görəcəklər ki, Azərbaycan xalqının Çinə böyük rəğbəti var. Onlar ölkənizi tanıyır, dost olduğumuzu bilirlər. Ona görə çinlilər özlərini öz evindəki kimi hiss edəcəklər”.