Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində İspaniyanın “Alquibla” və Almaniyanın “Spruechetante” ədəbiyyat portallarında görkəmli şair Mikayıl Müşfiqin (1908-1938) şeirləri dərc olunub.

Mərkəzdən bildirilib ki, portallarda şairin ispan və alman dillərinə tərcümə olunmuş “Həyat sevgisi” və “Yeni gənc” şeirləri yayımlanıb.

Şairin yaradıcılığı haqqında məlumatla birlikdə təqdim olunan şeirlərin ispan dilinə tərcümə müəllifləri – ispan filoloqu Eva Kontreras və Dövlət Tərcümə Mərkəzinin ispan dili mütəxəssisi Aysel Əliyeva, alman dilinə tərcümə müəllifləri – alman filoloqu Kerstin Kraps və mərkəzin alman dili mütəxəssisi Məryəm Səmədovadır.

Qeyd edək ki, geniş oxucu kütləsi tərəfindən izlənilən “Alquibla” və “Spruechetante” ədəbiyyat portalları mütəmadi olaraq səhifələrində dünyanın tanınmış yazıçı və şairlərinin yaradıcılığını işıqlandırır.