800-dən çox pulsar aşkarlayıb...

 

Çinin cənub-qərbindəki Quycou vilayətində dağlıq ərazidə yerləşən və diametri 500 metr olan dünyanın ən böyük və həssas radioteleskopu (FAST) fəaliyyətə başladığı 2016-cı ildən bəri 800-dən çox yeni pulsar aşkarlayıb.

Bu barədə teleskopun operatoru olan Çinin Milli Astronomiya Rəsədxanası açıqlama yayıb. Bildirilir ki, FAST bu dövrdə xaricdəki bütün teleskoplardan 3 dəfə çox pulsar aşkarlayıb. Pulsarların müşahidəsi qravitasiya radiasiyasının və qara dəliklərin mövcudluğunu təsdiqləmək üçün vacib bir vəzifədir.

Qeyd edək ki, nəhəng radioteleskopun perimetri 1,6 kilometrdir. Rəmzi olaraq “Səma gözü” adlandırılan teleskopun səthi təxminən 30 futbol meydançasının ümumi sahəsinə bərabərdir. Dünyanın ən sürətli kompüterlərindən olan “Sky Eye 1” ilə əlaqələndirilən “Səma gözü” saniyədə 38 giqabayt informasiya qəbul etmək gücündədir.

Bu arada Çinin “Long March 2D” daşıyıcı raketi Yerin məsafədən zondlanması üzrə peykini (“Yaogan-36”) orbitə çıxarıb. Çin Aerokosmik Elm və Texnologiya Korporasiyasının (CASC) məlumatına görə, ikipilləli “Long March 2D” daşıyıcı aparatı Şanxay Kosmik Texnologiyalar Akademiyası tərəfindən peykləri aşağı Yer orbitinə çıxarmaq üçün hazırlanıb. O, həmçinin 645 km yüksəklikdə Günəşlə sinxron orbitə 1300 kiloqram faydalı yük çıxarmağa qadirdir.