Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və dövlət gənclər siyasəti” mövzusunda konfrans keçirilib.

Öncə konfrans iştirakçıları mərkəzin foyesində Ulu öndərin 100 illiyi münasibətilə təşkil edilmiş “Ümummilli lider Heydər Əliyev və Azərbaycan mədəniyyəti” sərgisi ilə tanış olublar.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirdə bildirilib ki, Ümummilli liderin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi gənclərin qarşısında duran problemlərin həllinə münasibətin köklü surətdə dəyişməsinə imkan yaradıb və onları vahid azərbaycançılıq ideologiyası ətrafında sıx birləşdirib.

Sonda dahi şəxsiyyətin xalqımız qarşısındakı əvəzsiz xidmətlərini əks etdirən film nümayiş olunub.