AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunda “Azərbaycan tarixi erməni publisistikası və tarixşünaslığında: təhriflər və həqiqətlər (Azərbaycan tarixçilərinin resenziyaları əsasında)” adlı kitabın elektron variantı hazırlanıb.

Rus dilində hazırlanan kitabın ön sözünün müəllifi və tərtibçisi institutun baş direktoru tarix elmləri doktoru, professor Kərim Şükürovdur. Ön sözdə qeyd edilir ki, erməni tarixi publisistikası və tarixşünaslığı Ermənistan tarixi ilə paralel Azərbaycan tarixinin bütün fundamental problemlərini də tədqiq, əslində, təhrif etməyi, eyni zamanda həmin problemlərin Azərbaycan üzrə görkəmli tədqiqatçılarını hədəfə çevirməyi özünün vəzifəsinə çevirib. Azərbaycan tarixçiləri bu məsələlərə ayrı-ayrı tarixi problemlərin öyrənilməsinə dair tədqiqatlarının tarixşünaslıq hissəsində, o cümlədən xüsusi olaraq resenziyalar vasitəsilə tutarlı cavab verirlər.

Tarixşünaslıqda ilk dəfə olaraq, Azərbaycan tarixçilərinin erməni təhrifçiliyinə qarşı yönəlmiş resenziyaları tədqiqat obyekti olub. Akademiklər Ziya Bünyadov və Nailə Vəlixanlı, AMEA-nın müxbir üzvü Məşədixanım Nemət, tarix elmləri doktoru Mikayıl Heydərov və digər müəlliflər tərəfindən yazılmış 14 belə resenziya bir araya gətirilib. Bu resenziyalar həm nəşr tarixi, həm də tematikasına görə təsnif edilib. Müxtəlif vaxtlarda nəşr edilmiş bu resenziyaların toplu şəklində hazırlanması erməni saxtakarlığına tutarlı cavab olmaqla yanaşı, Azərbaycan tarixinin Qafqaz Albaniyasi dövründən başlanmış son dövrədək olan tarixinin fundamental problemləri üzrə də müəyyən elmi məlumatlar almağa imkan yaradacaq.