Avqust ayında İctimai radioda əvvəllər Beynəlxalq Muğam Mərkəzində (BMM) keçirilmiş və lentə alınmış muğam konsertləri yayımlanacaq.

Yayım BMM ilə İctimai radionun birgə layihəsi əsasında, Beynəlxalq Azərbaycan muğamı günü (26 avqust) münasibətilə həyata keçiriləcək.

Milli muğam sənətinin təbliğinə töhfə vermək məqsədi daşıyan layihə eyni zamanda müxtəlif yaşdan xanəndələrin daha geniş auditoriyaya tanıdılmasına xidmət edəcək.

Konsertlərin lent yazıları bir ay ərzində hər həftənin şənbə və bazar günləri günorta saat 14:00-da dinləyicilərin zövqünü oxşayacaq. Yayın ən qızmar günlərində musiqisevərlərin qəlbi muğamlarımızla sərinləyəcək.