Ölkəmizdə fəaliyyət göstərən müxtəlif teatr tamaşalarına və sərgilərə bilet satışı adı altında vətəndaşlara qarşı kiberdələduzluq həyata keçirilir.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata görə, kiberdələduzlar saxta veb-səhifələr yaradaraq bilet satışı adı ilə vətəndaşların bank və fərdi məlumatlarını ələ keçirirlər.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara naməlum mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank və digər fərdi məlumatlarını daxil etməməyi, həmçinin hər hansı bir məhsul və ya xidmət alarkən rəsmi satış həyata keçirən mənbələrə müraciət etməyi tövsiyə edir.