“The National Interest” nəşrində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin məqaləsi dərc olunub

 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “The National Interest” nəşrində “Ermənistan Cənubi Qafqazda sülhü pozmaq istəyir?” sərlövhəli məqaləsi dərc olunub. Məqaləni təqdim edirik.

Ermənistan diplomatik oyunlar və kampaniyalar yürütmək əvəzinə sülh danışıqlarına və Azərbaycan ilə münasibətlərin normallaşdırılmasına fokuslanmalıdır.

Ermənistan Azərbaycanın beynəlxalq şəkildə tanınan ərazilərinin 20 faizini otuz ildən artıq idi işğal etmişdi. Orada yaşayan bir milyona yaxın azərbaycanlı doğma evlərini tərk etməyə və öz ölkələrində məcburi köçkün kimi yaşamağa məcbur olmuşdu.

İşğal dövründə ictimai, şəxsi, mədəni və dini irsin misli görünməmiş şəkildə dağıdıldığı ərazilər 2020-ci ildə 44 günlük müharibədən sonra azad edildi. Bir zamanlar regionun ən böyük şəhəri olan Ağdam yer üzündən elə silinib ki, artıq “Qafqazın Hiroşiması” olaraq tanınır. Sanki işğalçılar Azərbaycanın bütün izlərini silmək istəyirdilər.

Beynəlxalq hüquq, dünya dövlətləri və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanımasına baxmayaraq, otuz ildir erməni siyasətçilər müstəqil etnik erməni ərazisinin yaradılmasını və ya işğal olunan torpaqların anneksiya yolu ilə Ermənistana birləşdirilməsini xəyal edirlər.

Hazırkı baş nazir Nikol Paşinyan 2018-ci ildə vəzifəyə gələn zaman Azərbaycan gözlədi ki, o, münaqişənin sülh yolu ilə həlli üçün başqa yol tutacaq. Lakin onun cəmi bir il sonra “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı danışıqlar prosesinə olan bütün ümidləri boşa çıxardı. 2020-ci ildə müharibədən sonra bu bəyanat çətin reallıqla üzləşməli oldu və bu ilin əvvəlində Nikol Paşinyan Qarabağın Azərbaycanın ərazisi olduğunu etiraf etdi.

Kaş ki, sülh bu cür asan olardı. Lakin zaman qazanmaq üçün qarışıq kampaniyalar təşkil edərək sülhdən danışmaq Ermənistan rəhbərliyinə çox tanışdır. Beləliklə, bu həftə Ermənistan onun tabeliyində olan Qarabağdakı separatçı rejimin rəhbərliyi ilə birlikdə sülh danışıqlarını pozmaq üçün son beynəlxalq kampaniyanı başlatdı. Bu, təəccüblü deyil. Bu separatist qurumun var olma səbəbi fantaziyaları uzatmaqla çətin geosiyasi faktlardan uzaqlaşmaqdan ibarətdir.

Lakin reallıq dəyişib və Azərbaycan Qarabağ bölgəsinin erməni sakinlərini reinteqrasiya naminə açıq və səmimi dialoqa dəvət edir. Azərbaycan dəfələrlə qeyd edib ki, onların Qarabağda milli azlıq kimi hüquqları, təhlükəsizlikləri və öhdəlikləri Azərbaycan Konstitusiyasına əsasən təmin olunacaq. Buraya onların din, dil və munisipial hüquqları daxildir və bu hüquqlara hörmət olunur.

Hazırda kritik olan odur ki, istənilən reinteqrasiya prosesi bütün qeyri-qanuni hərbi qrupların demobilizasiyasını və tərk-silah olunmasını, Ermənistan silahlı qüvvələrinin qalan hissələrinin tamamilə çıxarılmasını əhatə etməlidir. Bu cür qruplara sülh danışıqları zamanı belə davam edən silah axınını dayandırmaq üçün bu yaxınlarda Ermənistanla Xankəndini birləşdirən Laçın yolu qısa müddətlik bağlandı.

Azərbaycan, həmçinin regionun qida və tibbi ləvazimatlarla təmin olunması üçün gündəlik 17 mindən çox nəqliyyat vasitəsinin hərəkətinə imkan verən daha qısa olan əlavə yol təklif etdi. Həm Avropa İttifaqı, həm də Beynəlxalq Qırmızı Xaç Komitəsi bu yolun istifadə oluna bilməsini təsdiq etdi.

Ancaq Qarabağdakı separatçılar yenidən qurulmuş dördzolaqlı Ağdam-Xankəndi yolundan istifadəni dəfələrlə rədd etdilər, hətta rəhbərlərinin göstərişi ilə yolu beton bloklarla bağladılar. Bakının yüklərin Ağdam-Xankəndi yolu vasitəsilə Azərbaycan tərəfindən deyil, Qırmızı Xaç Komitəsi tərəfindən daşınması təklifi rədd edildi. Hətta bununla bağlı dialoqun aparılması da rədd olundu. Həmin rəhbərlik şou yaradaraq yük maşınlarını “Laçın” keçid məntəqəsi istiqamətində Azərbaycan sərhədi istiqamətinə gətirib. Onlar hələ də Qarabağdakı ermənilərin Azərbaycan tərəfindən etnik təmizləmə ilə üzləşdiyini bildirirlər.

Bu yalan iddianı daha da möhkəmləndirmək üçün onların rəhbərliyi Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponu Qarabağın guya “blokada”da olduğunu, sakinlərinin aclıqdan öldüyünü və “soyqırımı törədildiyini” iddia edən hesabat yazması üçün tələm-tələsik cəlb edib.

Azərbaycanda belə dezinformasiyaları eşitməyə öyrəşmişik, lakin beynəlxalq ictimaiyyət və xüsusən də media üçün bu cür emosional, şok effekti yaradan terminlərin işlədilməsinin əslində baş verənlərin onların nəzərindən gizlədilməsi məqsədi daşıdığını görmək vacibdir.

Beynəlxalq ictimaiyyətin dəstəyini gücləndirmək üçün böhran yaradarkən onların təhlükə altında olduqlarını iddia etmək dünyanı azərbaycanlılarla ermənilərin bir vaxtlar birlikdə yaşadıqları kimi yaşaya bilməyəcəyinə inandırmaq məqsədi daşıyır.

Azərbaycanın təklif etdiyi ərzaqdan imtina edən əhalini ac qoyması kimi paradoksal iddia separatçıların qondarma lideri Arayik Arutyunyan tərəfindən ortaya atılıb. O qeyd edib ki, “Azərbaycan bir əlindən bizi boğmaq üçün, digər əlindən isə ərzaqla təmin etmək üçün istifadə edir”. Ona görə də bunun düzgün hüquqi əsaslandırmasını aparmalıyıq: işğalçıların administrasiyası Azərbaycan hökumətinin Azərbaycan bölgəsini ərzaq və dərmanla təmin etməsinə mane olur. Okamponun hesabatının heç bir yerində bu məsələyə toxunulmur.

Bu arada Qarabağın erməni sakinlərinin çəkdiyi əziyyət davam edir. Onlar Ermənistandan (ən kasıb postsovet ölkələrindən biridir) subsidiyalar hesabına dolanmağa məcburdur. İqtisadi cəhətdən region Sovet İttifaqından sonra müstəqilliyini əldə etdiyi vaxtdakı ilə müqayisədə ümumi daxili məhsulu 100 dəfə artan Azərbaycandan geri qalır.

Ermənistan kampaniyalar və diplomatik oyunlar təşkil etmək əvəzinə, sülh danışıqlarına və ölkələrimiz arasında münasibətlərin normallaşmasına ciddi səy göstərməlidir. Bundan başqa, Ermənistanın bu həftə BMT Təhlükəsizlik Şurasına müraciət üçün etdiyi sinik və son nəticədə qeyri-məhsuldar cəhdi belə səylərə hər cəhətdən zidd olan digər bir nümunədir.

Hər bir ölkənin ərazi bütövlüyü və suverenliyi toxunulmazdır. Separatizmə selektiv yanaşma qəbuledilməzdir. Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə dair şifahi bəyanatları sülh müqaviləsi çərçivəsində imzalanmalıdır. Ermənistan nəhayət Azərbaycana qarşı ərazi iddialarına son qoymalı və silahlı qüvvələrinin bütün hissələrini Azərbaycan ərazisindən çıxarmalıdır. İrəliyə doğru başqa yol yoxdur. Azərbaycan sülhə gedən yolun xəritəsini hazırlamaq üçün ilk addımları atıb. İndi isə növbə Ermənistanın və onun siyasi rəhbərliyinindir.