Sənəti ilə əbədiyyət qazanan Müslüm Maqomayevin 81 yaşı tamam olur


Ey, əziz anam, Azərbaycan!
Sənə bağlıyam, Azərbaycan!
Ömrümün mənasısan,
Qardaşlıq dünyasısan,
Anamın anasısan, Azərbaycan…

Xalq şairi Nəbi Xəzrinin misralarını dillər əzbərinə çevirən və bu sözlərə əbədi sənət ömrü bəxş edən onun ecazkar musiqisi və bənzərsiz səsi oldu...

Avqustun 17-si Azərbaycanın dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar Müslüm Maqomayevin (1942-2008) anadan olmasının 81-ci ildönümüdür...

Azərbaycanın musiqi mədəniyyəti salnaməsinə parlaq səhifələr yazmış Müslüm Maqomayev zəngin və rəngarəng repertuara malik ifaçı idi. Bu zənginlikdə onun özünün bəstələri də xüsusi yer tutur. Qüdrəti sənətkar opera ifaçılığının ecazkar nümunələrinə vokalçı kimi öz möhürünü vurmaqla bərabər, milyonlarla musiqisevərin rəğbətlə qarşıladığı mahnılar müəllifidir. Bizim üçün isə onun şah əsəri himnimiz qədər möhtəşəm səslənən “Azərbaycan” (“Baharlı yurdum”) mahnısıdır.

Bu dünyadan on beş il əvvəl cismən köçən sənətkar səsi ilə əbədi yaşayacaq. Təsadüfi deyil ki, onun doğum və anım (25 oktyabr) günləri hər il təkcə doğma vətəni Azərbaycanda deyil, sevilib rəğbət gördüyü hər yerdə, o cümlədən ömrünün yarıdan çoxunu yaşadığı və milyonlarla pərəstişkarının olduğu Rusiyada geniş şəkildə qeyd edilir...

Müslüm Maqomayevin doğulduğu Bakıda əbədi məkanı olan Fəxri xiyabanda, eləcə də bir vaxtlar mahnılar oxuduğu Dənizkənarı bulvarda möhtəşəm abidələri ucalır.

Azərbaycanın dünyaya yayılan səsi, musiqili nəfəsi olan dahi sənətkarın ən böyük abidəsi isə onu sevənlərin qəlbindədir...