Avqustun 17-də görkəmli kinoaktyor, rejissor, Xalq artisti, Prezident təqaüdçüsü Ənvər Həsənovun doğum günüdür.

Ənvər Cəfər oğlu Həsənov 1950-ci ildə Bakıda anadan olub. Məktəbli çağlarından kən kino sahəsinə maraq göstərib. 1965-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Adil İsgəndərovun açdığı aktyorluq kursuna daxil olub. Dördillik kursu bitirdikdən sonra 1969-1973-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Kino və dram aktyorluğu fakültəsində təhsil alıb. 1965-ci ildən taleyini "Azərbaycanfilm” kinostudiyasına bağlayıb. Burda lentə alınan “Dəli Kür”, “Uşaqlığın son gecəsi”, “Yeddi oğul istərəm”, “Bizim küçənin oğlanları”, “Dərviş Parisi partladır”, “Babək”, “Arxadan vurulan zərbə” və ümumilikdə 50-dən artıq filmdə bir-birindən maraqlı obrazlar yaradıb.

Maraqlı oyun üslubu ilə tamaşaçıların rəğbətini qazanan aktyor eyni zamanda 20-dən çox filmdə ikinci rejissor kimi fəaliyyət göstərib.
Ənvər Həsənovun Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Sənətkar 2000-ci ildə “Əməkdar artist”, 2018-ci ildə “Xalq artisti”, 2023-cü ildə isə Prezidentin fərdi təqaüdünə layiq görülüb.

Tanınmış kino xadimini doğum günü münasibətilə təbrik edir, möhkəm cansağlığı, uzun ömür arzulayırıq.