Bu il Azərbaycan və özbək xalqlarının böyük oğlu, özbək dramaturgiyasının banilərindən olan Maqsud Şeyxzadənin (1908-1967) anadan olmasının 115 illiyidir.

Yubiley ilində Ağdaş rayon Maqsud Şeyxzadənin Ev-Muzeyi tərəfindən şairin adına ədəbi məclis yaradılıb.

Bu münasibətlə Ağdaş rayon Mərkəzi Kitabxanasında toplantı keçirilib. Çıxış edənlər şairin həyat və yaradıcılığı barədə söz açıb, yubiley münasibətilə ev-muzeydə və digər mədəniyyət ocaqlarında keçiriləcək tədbirlər haqqında fikir mübadiləsi aparıblar.

Sonra məclis üzvləri şairin ev-muzeyini ziyarət ediblər.

Bildirək ki, ədəbi məclisin təsis olunmasında məqsəd ədibin yaradıcılığının dərindən öyrənilməsi və təbliğ edilməsidir.