Masallı rayon Mərkəzi Kitabxanasında Vətən müharibəsinin şəhid giziri İntiqam Əsgərlinin doğum günü ilə əlaqədar “Şəhidlər unudulmur” mövzusunda tədbir keçirilib. Əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışlarda şəhid qəhrəmanın həyatı və döyüş yolu haqqında məlumat verilib.

Qeyd olunub ki, 1990-cı il avqustun 16-da Masallı rayonunun Viləş kəndində anadan dünyaya göz açan İntiqam Əsgərli Vətən müharibəsində Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub və noyabrın 9-da qəhrəmancasına şəhid olub. Ölkə başçısının müvafiq sərəncamlarına əsasən, ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Şuşa, Xocavənd və Kəlbəcərin azad olunmasına görə medalları ilə təltif olunub.

Hazırda Masallı şəhərinin mərkəzi küçələrindən biri İntiqam Əsgərlinin adını daşıyır.

***

Yevlaxda 44 günlük Vətən müharibəsinin şəhid baş leytenantı Ceyhun Əyyubovun doğum günü münasibətilə xatirəsi anılıb.

Əvvəlcə tədbir iştirakçıları Yevlax şəhərindəki Şəhidlər xiyabanına gələrək Ceyhun Əyyubovun məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər.

Sonra şəhidin yaşadığı evdə onun həyat və döyüş yolunu əks etdirən fotoların və müxtəlif məlumatların yer aldığı muzeyin açılışı olub.

Yevlax şəhər 4 nömrəli tam orta məktəbin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər söyləyib, ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

Bildirilib ki, Ceyhun Əyyubov Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Ölkə başçısının müvafiq sərəncamlarına əsasən, ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub. Şəhidin adı yaşadığı küçəyə verilib.

***

Zaqatala rayon Yuxarı Tala kənd Sənətkarlıq evində şəhid ailələri və müharibə iştirakçıları ilə görüş təşkil olunub. Çıxışlarda döyüşlərdə qəhrəmanlıq göstərərək Zəfər qazanan igidlərimizdən söz açılıb, dövlət tərəfindən müharibə iştirakçıları və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan bəhs edilib.

***

V.Əliyev adına Qubadlı rayon və Mahmudlu kənd Mədəniyyət evləri tərəfindən I Qarabağ müharibəsi şəhidi Arif Ələkbərovun anım tədbiri keçirilib. Mədəniyyət evləri tərəfindən kompozisiya təqdim olunub, şeirlər söylənilib, musiqi nömrələri səsləndirilib.