Böyük Qayıdışın növbəti ünvanı...


Avqustun 18-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Füzuli şəhərinə ilk köç karvanı yola salınıb.

Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 23 ailə (90 nəfər) bundan sonra doğma yurdda yaşayacaq.

Füzuli şəhərinə çatan ailələr Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin rəsmiləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən qarşılanıb. Onlara yeni mənzillərin açarları təqdim edilib.

Qeyd edək ki, birinci mərhələdə Füzuli şəhərinə ümumilikdə 144 ailənin (509 nəfər) köçürülməsi nəzərdə tutulur.

Avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində həmin ailələr arasında püşkatma keçirilib. Püşkatma nəticəsində ailə tərkibinə uyğun olaraq onlardan 51-nə ikiotaqlı, 76-na üçotaqlı, 17-nə dördotaqlı mənzil verilib.

***

Avqustun 16-da isə Laçın şəhərində daha 18 ailə öz evinin açarını təhvil alıb. Qaradağ rayonundakı “Qobu Park 3” yaşayış kompleksindən yola salınan laçınlılar doğma elinə qovuşmağın sevincini yaşayıblar.

Xatırladaq ki, Laçın şəhərinə köç mayın 28-də başlayıb və mərhələlərlə davam edir. İndiyədək şəhərdə 221 ailənin (858 nəfər) daimi məskunlaşması təmin edilib.

***

Qarabağ iqtisadi rayonuna və Şərqi Zəngəzura ümumilikdə 400-ə yaxın keçmiş məcburi köçkün ailəsi qayıdıb.

Bu barədə bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib. Onun sözlərinə görə, 2023-cü ilin sonuna qədər 2000-ə yaxın məcburi köçkün ailəsi, 10 minə yaxın insanın öz doğma el-obasında məskunlaşdırılması nəzərdə tutulur.