Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında avqustun 16-da V beynəlxalq Bəxtiyar Vahabzadə Türk dünyası tarixi, mədəniyyəti və ədəbiyyatı konfransı keçirilib.

Xalq şairi, ictimai xadim Bəxtiyar Vahabzadənin (1925-2009) xatirəsinə həsr olunmuş konfrans AMEA Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsi, ADPU, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi, ADPU-nun Şəki və Quba filialları və Bəxtiyar Vahabzadənin Şəkidəki ev-muzeyinin birgə təşkilatçılığı reallaşıb.

Konfransı ADPU-nun Şəki filialının tədris işləri üzrə direktor müavini dosent Gülarə Abdullayeva açaraq Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatı tarixində tutduğu mövqedən, xalqımızın azadlığı və müstəqilliyi, dilimizin inkişafi uğrunda apardığı mübarizədən bəhs edib.

Konfransda ADPU-nun Şəki filialının direktoru riyaziyyat elmləri doktoru, dosent Rafiq Rəsulov, AMEA Folklor İnstitutu “Dədə Qorqud” şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Ramazan Qafarlı, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva, ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev və başqaları çıxış ediblər.

Qeyd olunub ki, artıq beşinci ildir avqustun 16-da – unudulmaz ölməz söz ustadı Bəxtiyar Vahabzadənin anadan olduğu gündə Şəkidə beynəlxalq konfrans təşkil edilir. Şairin yaratdığı söz inciləri coğrafi sərhədləri aşaraq onu dünyada tanıdıb və bütün Türk dünyasının sevilən şairinə çevirib.

Plenar iclas başa çatdıqdan sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib. Bölmələrdə Folklor İnstitutu Mərasim folkloru şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Qalib Sayılov, Mifologiya şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Məleykə Məmmədova, “Dədə Qorqud” şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nizami Adışirinov mövzularında məruzələrlə çıxış ediblər.