Avqustun 19-da Xalq şairi Mirvarid Dilbazinin (1912 – 13.7.2001) anadan olmasının 111-ci ildönümü tamam olub. Bu münasibətlə şairin məzarı ziyarət edilib. Mərasim “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi tərəfindən təşkil olunub.

İctimai birliyin sədri Güllü Eldar Tomarlı şairin ədəbi irsinin təbliği sahəsində gördükləri işlər barədə məlumat verib. Qeyd edib ki, ötən il Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə mirvariddilbazi.az saytı fəaliyyətə başlayıb. Şairin “Bənövşələr üstə göz yaşları” və “Çiçəkdən-çiçəyə” kitabları kiril qrafikasından latın qrafikasına çevrilərək yenidən nəşr olunub və ölkəmizin ayrı-ayrı bölgələrində 110 illik yubileyi ilə əlaqədar tədbirlər keçirilib.

Mirvarid Dilbazinin qızı Xatirə Dilbazi, tarixçi Əli Məhərrəmov, şair-publisist Rəfail İncəyurd, kinorejissor Kəmalə Musazadə və başqaları Xalq şairinin yaradıcılıq yolu barədə danışıblar.

Qeyd olunub ki, “Məhəbbət”, “Partizan Aliyə”, “Ana ürəyi” və s. poemaların, çoxsaylı lirik şeirlərin müəllifi olan Mirvarid Dilbazi bir çox rus şairlərin əsərlərini dilimizə tərcümə edib.