Son vaxtlar süni intellektin müxtəlif fəaliyyət sahələrində, o cümlədən yaradıcılıqda tətbiqi dünyada ən aktual mövzulardan biridir.

Montana Universitetinin (ABŞ) bu mövzuda araşdırması göstərir ki, süni intellektin hələlik yalnız bir faizi yaradıcılıq standartı üzrə insanlarla rəqabət apara bilir.

Süni intellektin inkişaf etməsi ilə bağlı təxminən 10 illik dövrü əhatə edən araşdırma robotların ən çox orijinal yaradıcılıq sahəsindən çətinlik çəkdiyini müəyyən edib. Tədqiqatçılar orijinal yaradıcılıq deyərkən müvafiq mövzuda heç bir ilkin məlumat olmadan əldə edilən yekundan bəhs edirlər. Bu yöndə son illərə kimi heç bir süni intellekt robotu nəzərəçarpacaq nəticə əldə edə bilməmişdi, ta ki chatGPT yaradılana kimi.

Montana Universitetində keçirilən sahibkarlıq və şəxsi inkişaf dərsləri zamanı 24 tələbənin iştirakı ilə hazırlanan proqram təminatına çıxış əldə edən chatGPT robotu ona təqdim edilən 8 suala tamamilə təkrarsız, orijinal və məntiq çərçivəsi daxilində cavablar verə bilib. Bu nəticə proqram təminatını işləyib hazırlayan tələbələr üçün də sürpriz olub. Daha sonra bu cavablar yenidən və daha ətraflı təhlil üçün “Scholastic” test mərkəzinə göndərilib və burada eyni suallara cavab verən 2700 kollec tələbəsinin cavabları ilə qarşılaşdırılıb. Yekun nəticədə bu cavablar süni intellekt tarixində indiyədək əldə edilmiş həqiqətə ən uyğun orijinal mətn kimi qiymətləndirilib.