Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində təşkil edilmiş tədbirdə Azərbaycan-Özbəkistan dostluğu, mədəni-ədəbi əlaqələrində xidmətləri olan Özbəkistan Respublikasının bir qrup mədəniyyət xadimi “Dostluq” ordeni ilə təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ilin 30 avqust tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə “Dostluq” ordeninə Sırdəryada yaşayan soydaşımız, Özbəkistan Yazıçılar Birliyinin üzvü, şair Əli Nəsirli, Özbəkistanın Xalq artisti Haşimjon İsmayılov və Əməkdar artist Kamoliddin Urunbayev layiq görülüblər.

Sözügedən mükafatların bir qismi Bakıda keçirilən Özbəkistan mədəniyyət günləri çərçivəsində təqdim edilib.

Tədbir çərçivəsində, həmçinin diaspor fəaliyyətlərindəki xidmətlərə görə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinova, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin dosenti Gülbahar Aşurovaya və Mərkəzi Asiya Beynəlxalq İnstitutunun baş elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru Azər Adıgözəlova Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təşəkkürnamələri təqdim olunub.

Mükafatlara layiq görülən Özbəkistanın alim və xadimləri fəaliyyətlərinə verilən qiymətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürlərini bildirərək, gələcəkdə də iki ölkə arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində səylə çalışacaqlarını vurğulayıblar.