Mədəniyyət Nazirliyi ilə Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ərsəyə gətirilən "Qərbi Azərbaycanın etnomədəni mühitinə səyahət” adlı tədbirin məqsədi Qərbi Azərbaycanın etnomədəni mühitinin rekonstruksiya edilməsi, o cümlədən vaxtilə həmin torpaqlarda, mahallarda, yaylaqlarda xalqın keçirdiyi bayram şənliklərinin əhval-ruhiyyəsinin canlandırılmasıdır. Bu tədbirin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində onun adını daşıyan Heydər Əliyev Mərkəzinin qarşısında keçirilməsi də rəmzi xarakter daşıyır. Ümummilli Lider inanırdı ki, nə vaxtsa, ədalət bərpa olunacaq və Qərbi azərbaycanlılar öz yurdlarına qayıda biləcəklər.

Bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova deyib.

O bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Zəfər qazanıldıqdan sonra yeni siyasi reallıqlar yaranıb və bu reallıqlar çərçivəsində məcburi köçkünlər Qarabağa, Şərqi Zəngəzura dönmək imkanı əldə ediblər.

Şanlı Qələbədən sonra Qərbi azərbaycanlıların da öz ata-baba ocaqlarına qayıtmaq ümidinin yarandığını vurğulayan nazir müavini əlavə edib: “Dövlətimizin başçısının çıxışlarında Qərbi azərbaycanlıların da öz yurdlarına qayıdacağını bildirməsi ümidlərin, xəyalların reallığa çevriləcəyi günün çox da uzaqda olmadığına bir işarədir. Həmin imkan sülh müqaviləsi imzalanandan sonra yaranacaq. Vaxt gələcək həmin doğma torpaqlara da qayıdacağıq, qurub-yaradacağıq və Azərbaycan mədəniyyətini çiçəkləndirəcəyik”.