Azərbaycan Memarlar İttifaqı Mədəniyyət Nazirliyi ilə birgə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi keçirir. Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə keçirilən bu müsabiqə ən yüksək reytinqə malik olan dünya memarlıq müsabiqələrinin sırasına daxildir.

Bu barədə Azərbaycan Memarlar İttifaqından bildirilib.

Müsabiqə 7 nominasiya üzrə keçirilir:

A – “İctimai binaların memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə”;

B – “Yaşayış binalarının memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə”;

C – “Həyata keçirilmiş ən yaxşı interyer”;

D – “Həyata keçirilməmiş ən yaxşı layihə”;

E – “Landşaft memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə”;

F – “Binaların bərpası və yenidən qurulması sahəsində həyata keçirilmiş ən yaxşı layihə”;

G – “Memarlıq sahəsində ən yaxşı nəşr”.

Müsabiqəyə təqdim olunan əsərlərin sərgisinin nümayişi və mətbuat konfransı oktyabrın 4-də Beynəlxalq Muğam Mərkəzində təşkil olunacaq. Münsiflər heyətinin iclası 4-5 oktyabrda, qaliblərin elan olunması mərasimi isə oktyabrın 6-da nəzərdə tutulub.

Bu il keçirilən Altıncı Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin Münsiflər Heyəti aşağıdakı memarlardan ibarətdir: Deniz İncedayı (Türkiyə), Kevin Bingham (Cənubi Afrika), Divya Kush (Hindistan), Giuseppe Cappochin (İtaliya), Léo Orellana (Çili) və Elbay Qasımzadə (Azərbaycan).

Müsabiqəyə daxil olan layihələrin coğrafiyası dünyanın bütün qitələrində getdikcə daha çox ölkəni əhatə edir. Altıncı Bakı Beynəlxalq Memarlıq müsabiqəsinə dünyanın 29 ölkəsindən olan memarlar tərəfindən 200-dən çox layihə təqdim olunub.

İki ildən bir keçirilən müsabiqənin Münsiflər Heyəti Beynəlxalq Memarlar İttifaqı tərəfindən tövsiyə olunan dünya şöhrətli memarlardan ibarətdir. Ötən 10 ildə Münsiflər Heyətinin tərkibinə Mişel Barmaki (Livan), Vassilis Squtas (Yunanıstan), Tomas Vonier (ABŞ), Hayder Ali (Sudan), Patrik Kolombiye (Fransa), Esa Mohamed (Malayziya), Katerine Jakot (Fransa), Viti Nsalambi (Anqola), İn-Souk Ço (Cənubi Koreya), Viktor Leonel (Anqola), Jozef Kuan (Honq-Konq) və Elbay Qasımzadə (Azərbaycan) kimi tanınmış memarlar daxil olub.

Ümumiyyətlə, 2013-2021-ci illər ərzində müsabiqədə dünyanın 53 ölkəsindən olan memarlar 1000-dən çox layihə ilə iştirak ediblər. İndiyədək keçirilən 5 müsabiqədə Portuqaliya, Fransa, ABŞ, Sloveniya, Gürcüstan, Yaponiya, Rusiya, Mərakeş, Xorvatiya, İtaliya, Banqladeş, İspaniya, Ukrayna, Almaniya, Vyetnam, Sinqapur, Qırğızıstan, Yunanıstan, Malayziya, Cənubi Afrika, Misir, Çin, İran, Keniya, Birləşmiş Ərəb Əmirlikləri, Meksika, Rumıniya, Polşa, Hindistan və Azərbaycandan olan memarlar qalib olublar.

Müsabiqənin görkəmli memarlardan ibarət münsiflər heyəti, eləcə də müsabiqəyə təqdim olunan əsərlərin keyfiyyəti, müxtəlifliyi və memarlıq baxımından maraqlı və funksional olması bu müsabiqənin əhəmiyyətini bir daha təsdiqləyir.