Moskva şəhərində 30 avqust – 2 sentyabr tarixlərində 36-cı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilib. Sərgi çərçivəsində MDB ölkələri və Gürcüstanın Uşaq və Gənclər Kitabı Beynəlxalq Forumu təşkil olunub. Sərgi günlərində eyni zamanda birinci Moskva Beynəlxalq uşaq kitabı sərgisi də keçirilib.

Hər iki sərgi-yarmarka Rusiyan Rəqəmsal İnkişaf Nazirliyi, Rusiya Kitab İttifaqı və Moskva hökumətinin dəstəyi ilə reallaşıb.

Beynəlxalq ekspertlərin, kitabxana-informasiya, nəşriyyat-poliqrafiya və kitab satışı sahələrinin aparıcı mütəxəssisləri, gənc rəssam-illüstrator və uşaq yazarlarının qatıldığı forumda Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin böyük məsləhətçisi İslam Hüseynov, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova, gənc rəssam Nərmin Abdullayeva və uşaq yazıçısı Solmaz Amanova iştirak ediblər.

Forumun məqsəd uşaq ədəbiyyatı və mütaliə sahəsində mütəxəssislər arasında mədəni-humanitar əlaqələrin gücləndirilməsi, uşaqlara xidmət göstərən kitabxanaların rolu və uşaqları mütaliəyə həvəsləndirən birgə layihələrin həyata keçirilməsi üzrə təcrübə mübadiləsi aparmaqdır.

Forumda əvvəlcə XX Beynəlxalq “Kitab sənəti” müsabiqəsinin nəticələri elan olunub. MDB ölkələri xalqlarının ədəbi nümunələrinin rus dilinə tərcümə edilmiş ikicildlik antologiyanın təqdimatı keçirilib. Nəşrdə Azərbaycan yazıçılarının da əsərləri yer alıb.

Respublika Uşaq Kitabxanasının direktor müavini Zahirə Dadaşova forumda “Kitabxanadan gələcəyə: yeniliklər və problemlər” mövzusunda məruzə ilə çıxış edib. O, Uşaq Kitabxanasının həyata keçirdiyi layihələr və beynəlxalq təşkilatlarla əməkdaşlığı haqqında ətraflı məlumat verib. Həmçinin uşaq ədəbiyyatı nümunələri, Uşaq Kitabxanasının ölkənin ictimai həyatında fəal iştirakından, ədəbiyyatımızın və mədəniyyətimizin, mənəvi dəyərlərimizin təbliğində rolundan bəhs edib. Bildirilib ki, Respublika Uşaq Kitabxanası uşaqların mənəvi-intellektual inkişafı, şəxsi mütaliə, sosial uyğunlaşma, asudə vaxtlarının səmərəli keçirilməsi kimi ehtiyaclarını diqqətdə saxlayır. 

Uşaq yazarı Solmaz Amanova müəllifi olduğu kitablar haqqında məlumat verib. Gənc rəssam Nərmin Abdullayeva uşaq nəşrlərinə çəkdiyi rəsmlər haqqında söz açıb.