Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə ölkəmizin əksər rayonlarını təmsil edən qızların iştirakı ilə “Biz birlikdə güclüyük!” adlı yay düşərgəsi keçirilib.

Düşərgənin məqsədi qızların asudə vaxtının səmərəli təşkili, ictimai fəallığın artırılması, eləcə də liderlik keyfiyyətlərinin formalaşmasına dəstək göstərilməsidir.

Paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən “Cırtdan” uşaq istirahət mərkəzində on gün davam edən layihədə şəhid və qazi övladları, fəallığı ilə seçilən digər uşaqlar iştirak ediblər.

Yay düşərgəsinin sonunda iştirakçılar Dövlət Komitəsinin sədri Bahar Muradova ilə görüşüb, rəqslər və rəsm sərgisi təqdim olunub, ağacəkmə aksiyası keçirilib.

Bağlanış mərasimində Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, modelyer-dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın kolleksiyası nümayiş olunub. Yeniyetmələr üçün kolleksiyanı düşərgə iştirakçıları olan qızlar təqdim edib və sonda G.Xəlilova tərəfindən qızlara hədiyyə olunub. Düşərgə iştirakçıları sertifikatla təltif edilib.

Qeyd edək ki, yay düşərgəsində müxtəlif mövzularda təlim, ekskursiya, əyləncəli oyunlar, musiqili və film gecələri keçirilib. Həmçinin uşaqların ölkəmizin tanınmış simaları ilə görüşləri təşkil olunub.

Lalə