Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəkləməkdə davam etdiyi qondarma separatist rejim Ağdam-Xankəndi yolunun açılmasına qərəzli şəkildə imkan vermir və bu yoldan istifadənin qarşısının alınması üçün süni maneə və əngəllər yaradır.

Prezident İlham Əliyev bunu ABŞ dövlət katibi Antoni Blinkenlə telefon söhbətində deyib.

Xəbər verildiyi kimi, ABŞ dövlət katibi sentyabrın 1-də Azərbaycanın dövlət başçısına zəng edib. Telefon söhbəti zamanı Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezident diqqətə çatdırıb ki, ermənilər Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə bu yolla yüklərin daşınması barədə əldə olunmuş ilkin razılaşmadan imtina edib.

Dövlət başçısı qeyd edib ki, Ağdam-Xankəndi yolundan istifadədən bu formada imtina etmək siyasi manipulyasiyadır və həmin ərazidə guya humanitar, yaxud qida böhranının yaşandığını iddia etmək üçün məqsədyönlü yalandır. İlham Əliyev Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə həmin əraziyə ərzaq yüklərinin çatdırıldığını, lakin qanunsuz separatist rejimin bundan imtina etdiyini bildirib.

Prezident diqqətə çatdırıb ki, Ağdam-Xankəndi yolunun açılmasından sonra Azərbaycanın gömrük və sərhəd-nəzarət rejimi qaydaları tətbiq edilməklə Laçın-Xankəndi yolu açıla bilər. Qeyd olunub ki, Azərbaycan tərəfi ilə razılaşdırmadan Ermənistan tərəfindən Azərbaycanın “Laçın” sərhəd-keçid məntəqəsinin qarşısına humanitar təyinatlı olduğunu iddia etdikləri yüklərin gətirilməsi Azərbaycanın daxili işlərinə qarışmaqdır, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir. Ermənistanın bu kimi siyasəti sülh müqaviləsi üzrə danışıqlara ciddi zərər vurur.

Prezident İlham Əliyev Azərbaycanın Qarabağın erməni əhalisinin nümayəndələrinin reinteqrasiya məsələləri ilə bağlı müzakirələrin aparılması üçün paytaxt Bakıya və ölkəmizin digər şəhərlərinə dəvət edilməsinə baxmayaraq, onların bundan imtina etdiklərini də xatırladıb.

ABŞ dövlət katibi sülh müqaviləsinin imzalanması və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində səylərini bundan sonra da davam etdirəcəklərini bildirib, Bakı ilə Xankəndi arasında birbaşa təmasları dəstəklədiklərini vurğulayıb.