İşğaldan azad edilmiş torpaqlara Böyük Qayıdışın növbəti ünvanı olan Füzuli şəhərinə köç davam edir.

Sentyabrın 7-də növbəti köç karvanı – 25 ailə (102 nəfər) Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Füzuliyə gələn ailələrə Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən mənzillərin açarları təqdim edilib. Onlar MİDA tərəfindən şəhərdə inşa olunan kompleksdə yaşayacaqlar.

Xatırladaq ki, Füzuliyə 23 ailədən ibarət ilk köç 18 avqustda gerçəkləşib. Avqustun 21-də 24 ailə, avqustun 22-də isə daha 23 ailə köçürülüb.

Beləliklə, indiyədək Füzuli şəhərində ümumilikdə 95 ailənin (349 nəfər) daimi məskunlaşması təmin edilib.