Prezident Xırdalanda STEAM layihəsi əsasında tədris verəcək yeni məktəb binası ilə tanış olub

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Xırdalan şəhər 11 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak edib.

Elm və təhsil naziri Emin Əmrullayev və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev dövlət başçısına 2 min şagird yerlik məktəbdə yaradılan şərait barədə məlumat veriblər.

Qeyd edək ki, bu məktəbin layihəsi Xırdalan şəhərinin ərazisindəki təhsil ocaqlarında şagird sıxlığı nəzərə alınaraq dövlət başçısının tapşırıqlarına əsasən hazırlanıb. Məktəb binasının tikintisi 2021-ci ilin fevral ayında başlanıb və bu ilin sentyabr ayında başa çatdırılıb. Ən müasir avadanlıqla təchiz olunan funksional bina tədrisin yüksək keyfiyyətlə təşkili üçün hər cür şəraitə malikdir. Yeni məktəbdə 74 sinif, 6 informatika otağı, 8 otaqdan ibarət STEAM mərkəzi, eləcə də digər fənn kabinetləri, xarici dil, musiqi, rəsm otaqları, kitabxana, yeməkxana, 400 nəfərlik akt zalı var.

Prezident məktəbəqədər hazırlıq, ibtidai sinif otaqlarında, biologiya kabinetində, çağırışaqədər hərbi hazırlıq otağında, STEAM mərkəzində, fizika kabinetində, kimya laboratoriyasında, informatika otağında, idman zalında və yeməkxanada yaradılan şəraitlə tanış olub.

STEAM layihəsi birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə 2019-2020-ci tədris ilinin əvvəlindən məktəblərdə tətbiq edilir. STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə aşılamaqla yanaşı, onlara mühəndislik səriştələri öyrədir.

Bu məktəbin STEAM mərkəzi də elektron lövhələr, kompüterlər, 3D printerlər, müvafiq öyrədici qurğular, elektron komponentlər və dəftərxana ləvazimatları ilə təmin olunub. Burada həmçinin mühəndis emalatxanası, kiçikyaşlı uşaqlar üçün zona, təlim və robototexnika otaqları var.

Müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür. Son illərdə ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca hədəf seçib.

***

Yeri gəlmişkən, 2023-2024-cü tədris ilində ümumilikdə 318 adda 7,8 milyon nüsxəyə yaxın dərslik çap edilərək məktəblərə paylanılıb. Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, cari tədris ilində həmçinin 24 adda dərslik təkmilləşdirilib, 37 adda dərslik isə yenilənib.