Azərbaycanlı virtuoz, Əməkdar artist Elvin Hoca Qəniyev Polşanın Katovise şəhərində keçirilən Karol Şimanovski adına mötəbər Beynəlxalq Müsabiqənin laureatı olub.

Karol Şimanovski adına Beynəlxalq Musiqi Müsabiqəsi beş ildən bir Katovise (Polşa) şəhərində keçirilir. Qaliblər dörd nominasiya - fortepiano, skripka, simli kvartet və vokal üzrə müəyyən edilir. Onlar nüfuzlu mükafat, karyera yardımı, təxminən 300 min avroluq fonddan pul mükafatı, habelə əfsanəvi Marin Alsop və Polşa Radiosunun Milli Simfonik Orkestri ilə eyni səhnədə qala-konsertdə çıxış etmək imkanı əldə edirlər.

Nüfuzlu “A” müsabiqəsinin laureatı adı Elvinə ən yaxşı konsert məkanlarına, dünyanın məşhur musiqiçiləri və qrupları ilə əməkdaşlığa yol açır.

Elvin Hoca Qəniyev K.Lipinski və Q.Venyavski, P.İ.Çaykovski, D.Oistrax və başqalarının adına olan beynəlxalq skripka müsabiqələrinin laureatıdır. Azərbaycanlı virtuoz Berlində (Almaniya) keçirilən II Beynəlxalq Musiqi Müsabiqəsində qızıl medal qazanıb. Onun adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilib.

Gələcək skripkaçı musiqiçilər ailəsində anadan olub. Anası Nərminə Qəniyeva pianoçu, atası Hayretdin Hoca violonçel ifaçısıdır. Babası dünyaşöhrətli skripkaçı musiqiçi, Azərbaycanın Xalq artisti, Beynəlxalq müsabiqələr laureatı, professor mərhum Sərvər Qəniyevdir.

Elvinin valideynləri Bilkənt Universitetinin Musiqi fakültəsində dərs deyir və Bilkənt Simfonik Orkestrinin solistləridir. Uşaqlıqdan vunderkind adlanan Elvin yeddi yaşında Vivaldinin iki skripka və orkestr üçün konsertini görkəmli skripkaçı Viktor Pikayzenlə ifa etmək üçün dəvət alır. O, Bilkənt Universitetinin (Türkiyə) və Sürixdəki İncəsənət Universitetinin (İsveçrə) məzunu, beynəlxalq müsabiqə və festivalların qalibidir.

Roma Papası 2010-cu ildə İtaliyada keçirilən Gənc Musiqiçilərin Beynəlxalq Müsabiqəsində qalib gələn Elvini ordenlə təltif edib. Virtuoz skripkaçı beynəlxalq klassik musiqi müsabiqələrində fəal iştirak edir, xaricdə çoxlu konsertlər verir. Elvin ABŞ, İtaliya, İsveçrə, Böyük Britaniya, Rusiya, Türkiyə, İspaniya, Fransa, Polşa və digər ölkələrdə çıxışlar edib.