18 sentyabr Azərbaycanın dahi bəstəkarı, professional musiqi sənətimizin banisi, musiqişünas-alim, pedaqoq, ictimai xadim Üzeyir Hacıbəylinin (1885-1948) dünyaya göz açdığı gündür. Prezident Heydər Əliyevin Üzeyir bəyin anadan olmasının 110 illiyi münasibətilə 1995-ci ildə imzaladığı fərmana əsasən, böyük musiqi xadiminin doğum günü ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Hər il bu münasibətlə silsilə tədbirlər keçirilir, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2009-cu ildən Üzeyir bəyin adını daşıyan beynəlxalq musiqi festivalı təşkil olunur.

Bu il 15-ci dəfə təşkil olunan Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının zəngin proqramı var. 18-28 sentyabr tarixlərində keçiriləcək festivalda Azərbaycanın bədii kollektivləri, solistləri ilə yanaşı, ABŞ, Fransa, Gürcüstan, Xorvatiya, Rusiya, Sinqapur Almaniya və digər ölkələrdən dəvət olunmuş musiqiçilərin də çıxışları yer alıb.

Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, müsəlman Şərqində ilk operanın banisi kimi tanınan sənətkardır. Bəstəkarın “Leyli və Məcnun” operası 1908-ci il yanvarın 12-də (25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılıb. İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) kimi operalar yazıb. Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi “Koroğlu” (1937) operasıdır. “Koroğlu” təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq sənət nümunələrindəndir.

Bəstəkarın “Ər və arvad”, “Arşın mal alan”, “O olmasın, bu olsun” və s. operettaları da Azərbaycanda və xarici ölkələrdə böyük maraqla qarşılanıb.

Üzeyir Hacıbəyli təkcə musiqi bəstələmirdi, həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayırdı. 1945-ci ildə nəşr edilmiş “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim olaraq mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün də musiqi dərsliyi kimi istifadə edilir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salaraq, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb, yaradıb. O, Azərbaycan musiqisində köklü dönüş yaratmış əsl dahidir. İşıqlı xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.