Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri 11-17 sentyabr tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən Bibigül Tulegenova adına Vokalçıların XII Beynəlxalq müsabiqəsində uğurla iştirak ediblər.

Müsabiqəyə Azərbaycan, Çin, Belarus, Rusiya, İtaliya, Qırğızıstan və digər ölkələrdən ümumilikdə 73 ifaçı qatılıb, onlardan 14 nəfər, o cümlədən azərbaycanlı vokalçılar Atəş Qarayev və Mahir Tağızadə final mərhələsinə yüksəlib.

İştirakçıların çıxışlarını Qazaxıstanın və keçmiş SSRİ-nin Xalq artisti, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Bibigül Tulegenovanın sədrliyi ilə İtaliya, Rusiya, Lüksemburq, Çexiya, Qazaxıstandan tanınmış musiqi xadimlərindən ibarət münsiflər heyəti qiymətləndirib.

Ölkəmizi layiqincə təmsil edən Opera və Balet Teatrının solistləri Mahir Tağızadə (bariton) Qran-pri və qazax klassik ariyasının ən yaxşı ifasına görə B.Tulegenovanın şəxsi mükafatına, Atəş Qarayev (tenor) isə 2-ci yerə layiq görülüblər.