Azərbaycanın “Xınalıq və Köç yolu mədəni landşaftı” adlı nominasiya ərazisi UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib. Bununla bağlı qərar sentyabrın 18-də UNESCO-nun Dünya İrs Komitəsinin Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən 45-ci sessiyasında qəbul edilib.

Dövlət Turizm Agentliyi (DTA) tərəfindən hazırlanan nominasiyaya əsasən “Xınalıq və Köç yolu mədəni landşaftı” ərazisi Quba rayonunun Xınalıq kəndi də daxil olmaqla, yerli əhalinin istifadə etdiyi ətraf yaylaq (Quba və Qusar) və Mərkəzi Aran bölgəsinə düşən qışlaq ərazilərini (Abşeron və Hacıqabul), həmçinin onların arasında uzunluğu 200 km-dən çox olan tarixi Köç yolunu (Quba-Şamaxı-Qobustan) əhatə edir.

UNESCO-ya təqdim edilən sənədin əsasını Xınalığın köçəri mədəniyyəti təşkil edir. Əks etdirdiyi ümumbəşəri dəyərlər nəzərə alınmaqla, unikallığı ilə seçilən bu zəngin irs “Xınalıq və Köç yolu mədəni landşaftı” adlı nominasiya sənədi kimi 2021-ci ildə Dünya İrs Komitəsinə təqdim edilib.

Komitənin 45-ci sessiyasında çıxış edən DTA-nın sədri Fuad Nağıyev nominasiya sənədini dəstəkləyən hər kəsə təşəkkürünü bildirib, sənəddəki köç yolunun nümunəvi tarixi-iqtisadi model kimi təkcə Azərbaycanın deyil, bütün dünya irsinin nadir nümunələrindən olduğunu qeyd edib.

Fuad Nağıyev ölkəmizin maddi və qeyri-maddi irsinin qorunub saxlanması sahəsinə göstərilən diqqət, qayğı və dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edərək məhz bu dəstək sayəsində Xınalıq və Köç yolu ənənələrinin Dünya İrs Siyahısına salınmasının mümkün olduğunu bildirib.

Qeyd edək ki, “Xınalıq və Köç yolu mədəni landşaftı” 6 inzibati rayonun ərazisindən keçən ümumilikdə 44829,41 hektar irs ərazisindən və 109392,78 hektar bufer zonadan ibarət olan böyük bir mədəni landşaftı əhatə edir. Ərazidə köçərilərə aid qədim tarixi qəbiristanlıqlar, müqəddəs yerlər, pirlər, tarixi körpülər, bulaqlar kimi maddi mədəniyyət nümunələri var.

İlk dəfə olaraq tamamilə milli ekspertlər tərəfindən hazırlanan “Xınalıq və Köç yolu mədəni landşaftı” nominasiyası Dünya İrsinin 3-cü və 5-ci meyarları ilə qeydə alınıb. 3-cü meyar Xınalıq icmasının tarixən köçəri heyvandarlıqla məşğul olduğu vertikal köçəri mədəniyyətinin, 5-ci meyar isə insan-təbiət əlaqələrinin tarazlığı, çətin iqlim şəraitində eko-sosial münasibətlər sisteminin inkişafı və təbiət resurslarından dayanıqlı istifadənin müstəsna nümunəsi kimi təqdim olunub. 

Qeyd edək ki, Azərbaycanın mədəni irsi üçün əhəmiyyətini, köç yolunun yerləşdiyi ərazinin qorunması, vahid idarəetmə modelinin yaradılması və burada məsuliyyətli turizmin inkişaf etdirilməsi məqsədilə 4 sentyabr 2023-cü il tarixində ölkə başçısının sərəncamı ilə “Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu yaradılıb.

Beləliklə, “Xınalıq və Köç yolu” Azərbaycanda UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən dördüncü mədəni irs ərazisi oldu. Bundan əvvəl Şirvanşahlar Sarayı və Qız Qalası ilə birlikdə İçərişəhər (2000-ci il), Qobustan qoruğu – Qobustan qaya sənəti mədəni landşaftı (2007),  Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi (2018) də Dünya İrs siyahısına daxil edilib.

Xatırladaq ki, bir gün öncə, sentyabrın 17-də Dünya İrs Komitəsinin 45-ci sessiyasında Hirkan meşələri Azərbaycanın ilk təbiət irsi ərazisi olaraq UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.