Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın Milli Musiqi Günü münasibətilə “Bəşər mədəniyyətinin incisi - Azərbaycan musiqisi” adlı tədbir keçirilib.

Mərkəzdən verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində təşkil edilmiş “Qafqazın konservatoriyası – azad Şuşa” və Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan foto və nəşrlərdən ibarət sərgi ilə tanış olublar.

Mərasimdə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rəhbərliyi, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, ali məktəblərin professor - müəllim heyəti, tələbələr, yerli azərbaycanlılar iştirak ediblər.

Musiqi bayramında Ulu Öndər Heydər Əliyevin Üzeyir Hacıbəylinin milli mədəniyyətimizə verdiyi töhfələrə dair fikirləri, dahi bəstəkarın yaradıcılığı və Prezident İlham Əliyevin iştirakı ilə Şuşada keçirilən tədbirlər, “Xarıbülbül” festivalına dair videomaterial nümayiş etdirilib.

Tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirib ki, Milli Musiqi Günü Azərbaycanın müasir peşəkar musiqi sənətinin və müsəlman şərqində ilk operanın müəllifi, dahi bəstəkar, musiqişünas, publisist, pedaqoq, ictimai xadim Üzeyir Hacıbəylinin doğum günü münasibətilə təsis edilib. O, Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə 18 sentyabr - Üzeyir Hacıbəylinin anadan olduğu günün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd edildiyini vurğulayıb, bəşər mədəniyyətinə misilsiz töhfələr vermiş Azərbaycanın zəngin mədəniyyəti və musiqi sənəti haqqında danışıb.

Digər çıxış edənlər Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin Musiqi fakültəsinin dosenti Davron Kadirov özbək Azərbaycan xalqları arasında dostluq əlaqələrindən danışıblar. Qeyd olunub ki, Azərbaycan musiqisi sərhədləri aşaraq dünyada tanınır, sevilərək daim ifa olunur.

Diqqətə çatdırılıb ki, 30 ildən sonra tanınmış qarabağlı, dünyaşöhrətli bəstəkar Üzeyir Hacıbəylinin vətəni, Azərbaycan musiqisinin beşiyi, Türk dünyasının mədəniyyət paytaxtı Şuşa Ermənistan işğalçılarından azad olunub. Bu gün azad Şuşada Azərbaycan dövlətinin uğurlu siyasəti nəticəsində geniş bərpa və quruculuq işləri reallaşdırılır, beynəlxalq mədəniyyət tədbirləri, festivalları keçirilir, mədəniyyət paytaxtımızda dahi Üzeyir Hacıbəylinin büstü və heykəli yenidən ucaldılıb.