Sentyabrın 18-də AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Milli Musiqi Günü münasibətilə sərgi açılıb. İnstitutun Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsi tərəfindən hazırlanan sərgidə dahi bəstəkar Üzeyir Hacıbəylinin əlyazmaları və musiqi əsərlərinin not yazıları yer alıb.

İnstitutun baş direktoru akademik Teymur Kərimli tədbiri açaraq Azərbaycan mədəniyyəti tarixinə böyük töhfələr vermiş, milli opera sənətinin banisi kimi daxil olmuş Üzeyir Hacıbəylinin yaratdığı dünya şöhrətli musiqi incilərindən, onun milli musiqi mədəniyyətimizin dünyada tanıdılması sahəsində əvəzsiz xidmətlərindən bəhs edib. Bildirib ki, bu gün adını iftixarla yad etdiyimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni inkişaf istiqamətinin və milli peşəkar bəstəkarlıq məktəbinin özülünü qoymaqla Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır.

Bakı Musiqi Akademiyası Humanitar fənlər kafedrasının müdiri professor Tərlan Quliyev, Azərbaycan Milli Konservatoriyası Humanitar fənlər kafedrasının müdiri dosent Firudin Qurbansoy, Əlyazmalar İnstitutu Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri professor Kamandar Şərifov, Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin baş elmi işçisi professor Raqub Kərimov, Şəxsi arxivlərin tədqiqi şöbəsinin böyük elmi işçisi Aytən İmanova və elmi katib dosent Əzizağa Nəcəfzadə çıxış ediblər. Çıxışlarda Üzeyir bəyin şəxsi arxivində qorunan nadir sənədlər haqqında da məlumat verilib, onun həyat və yaradıcılığının daha dərindən öyrənilməsi üçün bu nadir xəzinənin əhəmiyyəti vurğulanıb.

Sonda tədbir iştirakçıları sərgi ilə tanış olublar.