Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində 18 sentyabr – Milli Musiqi Günü münasibətilə  “Musiqimizin çıraqbanı” adlı konsert keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himni ifa edildikdən sonra tədbirin təşkilatçısı və aparıcısı, məktəbin nəzəriyyə ixtisası üzrə müəllimi, musiqişünas Nərgiz Kərimova dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunmuş şeirləri oxuyub, böyük musiqi xadiminin həyat və yaradıcılıq yolundan danışıb.

Sonra konsert proqramı təqdim olunub. Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra”, “O olmasın, bu olsun” filmindən sitatlar səsləndirilib. Həmçinin şagird və müəllimlər tərəfindən “Koroğlu” operasından “Çənlibel” xoru, “Leyli və Məcnun” operasından “Mahur-hindi”, “Sənsiz” romansı, “Arşın mal alan” operettasından “Gülçöhrənin naləsi”, “Qızların xoru” və “Uzundərə” rəqsi ifa olunub. Konsertə bəstəkarın “Cəngi” əsəri ilə yekun vurulub.

Tədbirin sonunda məktəbin direktoru Əməkdar artist, dosent Əziz Qarayusifli konsertin ərsəyə gəlməsində zəhməti olanlara və tamaşaçılara təşəkkür edib.