Hüseyn Cavidin Ev-Muzeyində Milli Musiqi Günü münasibətilə “Üzeyir Hacıbəyli və Cavidlər ailəsi” mövzusunda tədbir keçirilib.

Üzeyir Hacıbəylinin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra muzeyin direktoru filologiya elmlər doktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlı çıxış edərək dahi bəstəkarın Azərbaycan musiqisinin inkişafındakı xidmətlərindən danışıb. Direktor Üzeyir bəy və Ərtoğrol Cavidin birgə fəaliyyəti haqqında da ətraflı məlumat verib.

Qeyd edilib ki, Ərtoğrol Cavid 1940-cı ildə Pedaqoji İnstitutu bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. 1941-1942-ci illərdə Üzeyir Hacıbəylinin sinfində bəstəkarlıqdan dərs alıb, özünü istedadlı və bacarıqlı tələbə kimi göstərib. Konservatoriya yanındakı Musiqi Elmi-Tədqiqat Kabinetində çalışaraq musiqi folkloru nümunələrinin toplanılması, nota salınması ilə məşğul olub və qısa zamanda Üzeyir bəyin çox sevdiyi tələbələrdən birinə çevrilib.

G.Babaxanlı muzeyin ekspozisiya otağında sərgilənən Ərtoğrol Cavidin Üzeyir Hacıbəyliyə ünvanladığı məktublardan da bəhs edib, bu materialların onların səmimi müəllim-tələbə münasibətinin aynası olduğunu bildirib. Qeyd olunub ki, daima milli mədəniyyətimizin gələcəyini düşünən Üzeyir Hacıbəylinin Cavid əfəndinin istedadlı oğluna xüsusi rəğbəti vardı, ona böyük ümidlə yanaşır, bəstələrinə baxanda fərəh hissi keçirirdi. Təsadüfi deyil ki, Üzeyir bəydən bəstəkarlığın sirlərini öyrənən Ərtoğrol da öz növbəsində fortepiano üçün “9 variasiya” əsərini sənətinə və şəxsiyyətinə pərəstiş etdiyi sevimli müəlliminə ithaf edib: “Ə.Cavidin II Dünya müharibəsi illərində əsgərlikdən müəlliminə yazdığı məktubları oxuduqca Üzeyir bəyin repressiyaya məruz qalmış Hüseyn Cavid ailəsinə qarşı qayğıkeş münasibətinin şahidi oluruq. Onların valideyn-övlad münasibətini muzeyin fondunda mühafizə olunan digər nadir eksponatlar da sübut edir”.

Daha sonra tədbir iştirakçıları Hüseyn Cavidin Ev-Muzeyinin fondunda qorunan şəxsi arxiv materialları əsasında hazırlanan sərgi ilə tanış olublar. Sərgidə Ə.Cavidin müəlliminə ünvanlandığı məktublar və onun bəstələrindən ibarət nəşrlər də yer alıb.