26-29 oktyabr tarixlərində Bakıda bal rəqsləri üzrə dünya çempionatı keçiriləcək. Bu münasibətlə sentyabrın 19-da “JW Marriott Absheron” hotelində mətbuat konfransı təşkil edildi.

Tədbirin təşkilatçıları Azərbaycan Rəqs İttifaqının (AZDC) prezidenti Xalq artisti Təranə Muradova, təsisçisi və rəhbəri Olqa Krasnyanskaya olan “Smooth Rhythm Dance Style” şirkətidir. Çempionatda ölkəmizi beşqat dünya çempionları, Azərbaycanın Əməkdar idman ustaları Eldar Cəfərov və Anna Sajina da təmsil edəcək.

Mətbuat konfransında çıxış edən Təranə Muradova bildirdi ki, Dünya Rəqs İttifaqı Azərbaycanı qlobal əhəmiyyətli titul tədbirinə ev sahibliyi etmək üçün namizəd göstərib. Bu da səbəbsiz deyil. Çünki Azərbaycanda mədəniyyət və idmanın inkişafına xidmət edən irimiqyaslı proqram və layihələr həyata keçirilir. Beynəlxalq tədbirin Ulu öndər Heydər Əliyevin 100 illik yubiley ilində təşkil edilməsi isə xüsusilə əlamətdardır.

Olqa Krasnyanskaya diqqətə çatdırdı ki, müsəlman dünyasına ilk baletini bəxş edən, xalq rəqsləri, caz və klassik musiqidə özünəməxsus ənənələrə malik olan, böyük yarışlara ev sahibliyi edən Azərbaycanda bu layihə də uğurlar reallaşacaq.

Azərbaycan Rəqs İttifaqının katibi Sənan Hüseynli, təşkilatın vitse-prezidenti Cəmilə Verdiyeva, mütəxəssis İlham Osmanov, idman ustaları Eldar Cəfərov və Anna Sajina çempionatın əhəmiyyətindən söz açdılar. Bildirildi ki, təşkilatçıların missiyası Azərbaycanın mədəni dəyərlərini daha da gücləndirmək, ölkədə idman bal rəqsinin inkişafına dəstək olmaq, həm idman, həm də incəsənət elementlərini özündə cəmləşdirən, şəxsin mənəvi və fiziki inkişafının harmoniyasına imkan verən bal rəqsinin mahiyyətini təqdim etməkdir.

Qeyd olundu ki, dünyanın ən yaxşı cütlüklərinin iştirak edəcəyi çempionat uşaq, gənc və peşəkar rəqqaslar olmaqla 3 qrup üzrə keçiriləcək. 30-dan çox ölkədən 500-dən artıq iştirakçı qatılacaq. 37 kateqoriyada duet və solo ifalar təqdim olunacaq. Bu kateqoriyalara bal rəqsləri, Latın Amerikası rəqsləri, tanqo və s. daxildir.

Gecənin aparıcıları Latın Amerikası rəqsləri üzrə on dördqat dünya çempionu, Dünya Rəqs İttifaqının prezidenti Donnie Burns və teleaparıcı Leyla Quliyeva olacaq.

Festival ərəfəsində, oktyabrın 27-də beynəlxalq rəqs konqresi keçiriləcək. Çempionatın qaliblərinin iştirakı ilə gələn ilin yay aylarında Şuşada rəqs festivalının keçirilməsi də nəzərdə tutulur.

Lalə Azəri