Qarabağdakı qanunsuz hərbi birləşmələrlə anladıqları dildə “danışmaq” lazımdır

 

Azərbaycan 44 günlük müharibədən sonra, 10 noyabr 2020-ci ildə tarixdə imzalanan Üçtərəfli bəyanatın müddəalarına zidd olaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə qalan və təxribat əməllərini davam etdirən Ermənistan hərbi birləşmələrinə və qondarma rejimə səbir və təmkin göstərdi. Amma görünən odur ki, qarşıdakı tərəflə onun anladığı dildə “danışmaq”dan özgə çarə yoxdur. Sentyabrın 19-na keçən gecə törədilən qanlı təxribatlardan sonra artıq “səbir etmək də bir yerə qədərdir” demək zamanı gəldi...

Sentyabrın 19-da saat 4 radələrində yeni inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonu ərazisindən keçən 58-ci kilometrliyində sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidəki qanunsuz erməni silahlı birləşmələrinin təxribat qrupu tərəfindən basdırılmış tank əleyhinə minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin iki əməkdaşı (Quliyev Fərhad Hüseynağa oğlu və Sadıxov Samir Sabiroviç), təxminən yarım saat sonra isə Daxili İşlər Nazirliyinin dörd əməkdaşı (Camalzadə Asim Knyaz oğlu, Şirinov Ramil Arif oğlu, Mahmudov Seymur Elsevər oğlu, Zamanov Xəzər Azər oğlu) həlak olub.

Həmçinin gecə boyu və səhər Qarabağda “sülhməramlı çətiri” altında mənzillənən erməni silahlı birləşmələri tərəfindən Azərbaycan Ordusunun Ağdam, Şuşa və digər istiqamətlərdəki mövqeləri intensiv atəşə tutulub. Ağdam rayonu istiqamətində iki hərbçimiz yaralanıb. Şuşa şəhəri də iriçaplı silahlardan atəşə tutulub, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mühəndisi Fərhadov Vidadi Aydın oğlu aldığı qəlpə yarasından həlak olub...

Sentyabrın 19-da Müdafiə Nazirliyi bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanması barədə məlumat yayıb.

Məlumatda diqqətə çatdırılır ki, son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub.

Bu xüsusda, döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər tərəfimizdən aparılan müşahidələrlə təsbit edilib.

Qeyd olunur ki, sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxıb və mülki şəxslər həlak olub. Eyni zamanda DİN-in Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olub və yaralanıb. Bu kimi faktlar Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamıdır.

“Azərbaycan Respublikası Müdafiə Nazirliyi dəfələrlə bəyan edib ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir.

Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb”, – deyə məlumatda vurğulanır.

Diqqətə çatdırılır ki, antiterror tədbirləri çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır: “Bir daha bildiririk ki, mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.

Keçirilən tədbirlər barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırılıb”.

***

Gün ərzində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri davam edib.

Müdafiə Nazirliyinin məlumatına görə, tədbirlər çərçivəsində yalnız legitim hərbi obyektlər və hərbi infrastruktur dəqiq silahlarla hədəfə alınır və sıradan çıxarılır. O cümlədən Xocalı rayonu və Qırmızı bazar istiqamətində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin uzunmüddətli atəş nöqtələri, döyüş vasitələri və hərbi təyinatlı obyektləri, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Xankəndi-Xocalı yolunun yaxınlığında yerləşən 4-cü piyada briqadası vurulub, həmin ərazidə Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus yanacaq-sürtgü anbarı, Xankəndi yaxınlığında “Tor” zenit-raket kompleksi və digər hədəflər məhv edilib.

Müdafiə Nazirliyinin məlumatında o da bildirilir ki, yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırırıq. Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilib. Eyni zamanda səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilir və məlumat vərəqələri paylanılır.

“Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq  təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunacaq.

Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstəriləcək, onlar içməli su və ərzaqla təmin olunacaq.

Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb”, – deyə nazirlik nəzərə çatdırıb.