Rusiyada yaşayan aktrisa, rəssam Alagöz Salahova 19 sentyabr 2023-cü il tarixində, 70 yaşında vəfat edib. Uzun müddətdir xəstəlikdən əziyyət çəkən A.Salahova Bakıda dünyasını dəyişib.

Alagöz Salahova 1953-cü ildə dünya şöhrətli rəssam, Azərbaycanın, Rusiyanın və keçmiş SSRİ-nin Xalq rəssamı Tahir Salahovun ailəsində anadan olub. Gənc yaşlarından rəssamlığa və kino sahəsinə maraq göstərib.

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “Dantenin yubileyi” (1978) filmində Sevil, “Özgə ömür”də (1987) Tamilla, “Bağlı qapı”da (1981) Rəna obrazlarını canlandırıb.

A.Salahova Moskvada “Alagöz” adlı prodüser mərkəzini təsis edib və rəhbəri olub. O, bir sıra incəsənət ustalarımızın Rusiya paytaxtında konsertlərinin təşkil olunmasına köməklik göstərib.

Alagöz Salahova sentyabrın 21-də Yasamal qəbiristanlığında dəfn olunub. Mərasimdə Mədəniyyət Nazirliyinin təmsilçiləri, mədəniyyət, incəsənət nümayəndələri iştirak ediblər.

Allah rəhmət eləsin.