Cənubi Afrika Respublikasının (CAR) Türkiyə Cümhuriyyətindəki Səfirliyi eyni zamanda bu ölkənin Azərbaycanla diplomatik münasibətlərini həyata keçirir. Səfirliyin təşkilatçılığı ilə CAR-ın dövlət bayramı – Mənəvi Miras və Müstəqillik Günü Ankarada qeyd olunub.

Sentyabrın 22-də keçirilən tədbirdə Türkiyə xarici işlər nazirinin müavini Mehmet Kamal Bozay, xarici diplomatik korpusun nümayəndələri, digər qonaqlar iştirak ediblər.

CAR-ın Ankara böyükelçisi, eyni zamanda Azərbaycanda akkreditə olunan səfir Dipuo Berta Letsatsi-Dubau çıxış edərək ikitərəfli münasibətlərdən söz açıb. Diplomat bu il fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələni təəssüf hissi ilə xatırladıb, CAR-ın bu fəlakətini zamanı Türkiyəyə dəstək verən ölkələrdən biri olduğunu vurğulayıb. Səfir, həmçinin Türkiyə və CAR arasında əlaqələrdən, o cümlədən ticarət dövriyyəsinin artmasından bəhs edib.

Mehmet Kemal Bozay CAR-ın Türkiyə üçün çox əhəmiyyətli bir ölkə və ticarət ortağı olduğunu qeyd edib, ümumilikdə Afrika qitəsi ilə ticarət səviyyəsinin son 20 ildə 8 dəfə artaraq 40,7 milyard dollara çatdığını bildirib.

Qeyd edək ki, hər il sentyabrın 24-də Cənubi Afrika Respublikasının Mənəvi Miras və Müstəqillik Günü milli bayram olaraq qeyd edilir. Həmin əlamətdar gündə 1948-1994-cü illərdə ölkədə hakim olmuş irqçi aparteid rejiminə qarşı azadlıq mübarizəsinin qəhrəmanı, daha sonra CAR-ın dövlət başçısı olmuş Nelson Mandela ehtiramla yad olunur.

Mehparə Sultanova
Ankara