1992-ci ilin mayında Şuşa şəhərinin işğalından sonra ermənilərin Xankəndi istiqamətindən şəhərə girişdə “qələbə rəmzi” kimi qoyduqları tank “abidə”si demontaj edilib. Tank 2020-ci ilin 44 günlük müharibəsindən sonra Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət etdiyi ərazidə qalmışdı.

Azərbaycan Ordusunun 19-20 sentyabrda həyata keçirdiyi 24 saatlıq lokal antiterror əməliyyatından sonra kapitulyasiya edən hərbi-kriminal rejimin bu qondarma “rəmzi” də oradan götürülüb.

Sentyabrın 23-də tank Bakıya, Hərbi Qənimətlər Parkına gətirilib və burada nümayiş olunmaq üçün qoyulub.

Qeyd edək ki, bu, işğalçı qüvvələrin 1992-ci ilin 8 mayında Şuşaya hücumu vaxtı şəhərə girməyə çalışan birinci tank olub. 442 nömrəli tankı Azərbaycanın Milli Qəhrəmanı tankçı Albert Aqarunov vurub.

Birinci Qarabağ müharibəsindən sonra tank bərpa olunaraq “abidə” kimi şəhərin girişində qoyulmuşdu.