Görkəmli opera müğənnisi, SSRİ və Azərbaycanın Xalq artisti Firəngiz Əhmədovanın (1928-2011) sentyabrın 23-də anadan olmasının 95-ci ildönümü tamam oldu.

Bu münasibətlə sənətkarın Fəxri xiyabanda məzarı ziyarət edilib. Mədəniyyət nazirinin müavini Murad Hüseynov, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının kollektivi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin rəhbərləri və başqaları Firəngiz Əhmədovanın məzarı üzərinə tər çiçəklər düzüblər. 

Murad Hüseynov diqqətə çatdırıb ki, unikal tembrli, geniş diapazonlu, güclü və məlahətli səsi ilə seçilən sənətkar klassik opera səhnəmizin ilk qadın ifaçılarından olub. O, bənzərsiz yaradıcılığı ilə vokal sənəti tarixində silinməz izlər qoyub.

Akademik Opera və Balet Teatrının direktor müavini Səbinə Əsədova lirik-dramatik soprano səs tembrinə malik müğənninin 1950-1970-ci illərdə bu teatrın səhnəsində uğurla çıxış etdiyini vurğulayaraq onun Ü.Hacıbəylinin “Koroğlu” operasında Nigar, M.Maqomayevin “Şah İsmayıl”ında Gülzar, “Nərgiz”ində Nərgiz, F.Əmirovun “Sevil”ində Sevil və başqa partiyaların mahir ifaçılarından biri kimi tanınıb.