Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsi ilə birgə “İki şair – bir görüş” adlı tədbir təşkil edib.

Yasamal rayon Heydər Əliyev Mərkəzində gerçəkləşən tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi söyləyən Yasamal rayon MKS-nin direktoru tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova şair-publisistlər Knyaz Aslan və Azadə Novruzova haqqında məlumat verib.

BDU-nun Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi kafedrasının müdiri dosent Saleh Nağıyev, Sənəd menecmenti kafedrasının müdiri dosent Nadir İsmayılov, filologiya elmləri doktoru, professor Asif Rüstəmli və başqaları çıxışlarında hər iki yazarın yaradıcılığına nəzər salıblar.

Azadə Novruzova və Knyaz Aslan çıxış edərək tədbirin təşkilində əməyi olanlara təşəkkürlərini bildiriblər.

Daha sonra şairləri şeirləri səsləndirilib. Knyaz Aslan “Oxu mədəniyyəti keçmişdən bu günə”, Azadə Novruzova isə “Sən mənim ağ kitabım” nəşrlərini MKS-yə hədiyyə ediblər.