Xalq rəssamı Fuad Salayevlə sənət söhbəti

 

“Bilirsiniz, başqalarının eşidə bilmədiyini eşidən kəs – bəstəkar, başqalarının görə bilmədiyini görən kəs – rəssam olur. Yəni insanın sənət seçimini müəyyən edən əsas məqamlardan biridir bunlar…”

Sentyabrın 24-də 80 yaşını qeyd edən tanınmış heykəltaraş, Xalq rəssamı, professor, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Fuad Salayev bu sözləri müsahibəmizdən əvvəl, emalatxana-mənzilindəki kiçik qalereyadakı əsərlərini göstərərkən demişdi. Düzü, bu fikir mənə bir qədər mübahisəli gəlsə də, dinməmişdim. Ağsaqqal sənətkarla söhbətimizin məcrası dəyişməsin deyə...

 

– Fuad müəllim, sizinlə 80 illik yubileyiniz ərəfəsində görüşürük…

– Vallah, heç bilmədim, bu səksən nə vaxt yetişdi (gülür)… Elə bil hər şey dünən-srağagün olmuşdu…

 

– Deyirlər ki, pozitiv enerji bol olanda vaxtın necə keçdiyini hiss etmirsən…

– Deməzdim ki, həyatım büsbütün pozitiv enerji içində keçib, – bu, mümkün deyil. Yaradıcı insanın həyatı bir növ ziqzaq kimidir: o, baş verənləri, üzləşdiyi hadisəni təkcə şüurla yox, həm də emosional qəbul edir. Əsas odur ki, ziqzaqın cızıqları çox itiuclu, dərin olmasın. Yaşa gəlincə, insanın fikirləri, planları həmişə yaşla üst-üstə düşmür. İnsan daim özünü ifadə etmək, ürəyindən keçənləri gerçəkləşdirməyə can atır. Bu, İlahinin bizə verdiyi böyük nemətdir.

 

– İfadə etmək demişkən, çox zaman rəssamlıqla heykəltaraşlığı eyniləşdirirlər. Halbuki heykəltaraşın fikrini ifadə etmək vasitələri rəssama baxanda məhduddur. Ən azından rənglərə görə.

– Heykəltaraş boyalarla işləməkdən məhrumdur. Amma heykəltaraşın əlində çox gözəl material var: gil! Əgər həyatın yaranışı barədə dini fərziyyəyə inansaq, Tanrı da Adəmi gildən düzəldib. Düzdür, gillər fərqlidir, məsələn, bir rayonda çıxarılan gil digər rayonda çıxarılan gildən rənginə, yağlılığa, sıxlılığına görə fərqlənir. Amma gil hər yerdə var. Rəssam kətan üzərində işləyəndə əsərin taleyini rənglərin köməyi ilə həll edir, heykəltaraş isə isti barmaqlarının izi ilə.

 

– İndiyədək çox sayda heykəltaraşlıq nümunəsi yaratmısınız. Həm iri, monumental işləriniz var, həm də kiçik ölçülü əsərləriniz. Dövlət sifarişi ilə də, sadəcə, ürəyinizin istəyi ilə də. Bu nümunələrin yaranma prosesində fərq varmı?

– Yox… Ümumiyyətlə, hər bir əsər düşüncənin məhsuludur. Hələ qarşında heç nə yoxdur, amma sən (alnının ortasını göstərir) buradan, üçüncü gözünlə onu görürsən. Düşündükcə, fikirləşdikcə, artıq düzəldəcəyin nümunə gözlərinin qarşısında formalaşır. Bax, iş prosesi belə başlayır. Hərçənd bu proses səni ilkin düşüncələrindən tamam ayrı istiqamətə də apara bilər və ortaya tamam fərqli ideyanı daşıyan əsər çıxar. Rəssam, heykəltaraş nəyinsə, kiminsə şəklini çəkmir, o, obraz yaradır. Yadınıza salın, nə qədər portret, heykəl görmüsünüz. Hansı portretdə obraz varsa, o, portreti yaradılana, naturaya oxşayır. Əgər obraz yoxdursa, fotorqafik dəqiqliklə işlənsə də, oxşamır…

 

–  Deməli, əsas obrazı tapmaqdır.

– Bəli. Bir misal çəkim. Bizim xalqımız Səttar Bəhlulzadəni çox sevir. Niyə?

 

– Yəqin bir də hər əsərinə ürəyini qoyduğuna görə...

– Həm də obraz yaratdığına görə!... O, sadəcə, təbiəti çəkməyib, o, təbiətin də obrazını yaradıb. Buna görə də sənət adamı üçün beyni ilə düşünüb, qəlbi ilə hiss etmək çox vacibdir.

 

– Fuad müəllim, neçə illərdir ki, pedaqoji fəaliyyətlə də məşğulsunuz. Yaradıcılıq üzrə prorektor kimi tələbələrlə bağlı hansısa mühüm qərar vermək zamanı gələndə ağlınızın diktəsinə qulaq asırsınız, yoxsa qəlbinizin səsinə?

– Hər ikisi də olur. Bilirsiniz, biz sənət adamları dərs deyəndə tələbələrə həmkarımız kimi yanaşırıq. Qarşımızdakı məktəbli deyil, hələ peşəkar sənətçi deyilsə də, istedadlı gəncdir. Bəzən tələbələrin arasında şuluğu da olur, bunu yoluna qoymaq mümkündür… Amma onlardan mənim ömür həsr etdiyim sahəyə laqeyd, ya da saymazyana münasibət görəndə qəlbimə dəyir. Buna nahaq yerə incə sənət demirlər ki? Bu işlə elə-belə, candərdi məşğul olmaq olmaz…

 

– Bəs akademiyaya təsadüfən düşən, “gəlmişəm, oxuyum, sonrasına baxarıq” düşüncəli tələbə çoxdur?

– Təəssüf ki, var. Bilirsiniz, yaradıcı sənət məktəbinə sevib gəlmək, öz bacarığına uyğun təhsil müəssisəsi seçmək lazımdır, beş ixtisas arasından birinə düşmək yox!... Biz heykəltaraş, rəssam olmaq istəyən istedad sahiblərinə bilik verə, istiqamət göstərə, vərdişlərini cilalaya bilərik. Amma heç bir təhsil ocağı məzuna diplomun arasında istedad və həvəs vermir.

 

– Bəzən deyirlər ki, heykəltaraşlıq ağır sənətdir…

– Mənə də deyirlər o sözü. Hətta deyirlər ki, yaş artdıqca bu işlə məşğul olmaq çətinləşir… Amma o çətinliyi, o ağırlığı hiss etmirəm. Çünki sənətimi sevirəm. Böyük layihə üzərində işləyəndə iri gil parçalarını yoğurmalı, əzməli, istədiyin formaya salmalı olursan… Bir qədər çox yeriyəndə adamın ayaqları necə ağrıyırsa, mənim hiss etdiyim yorğunluq da ona bənzəyir. Dincəlirsən, keçir.

 

– Davamlı olaraq işləyirsiniz?

– Desəm ki, hər gün filan saatdan filan saata kimi, yalan olar. Akademiyada çalışmalar, evin qayğıları… Amma yaxşı olardı ki, hər gün işləyəsən.

 

– Formada qalmaq üçün?

– Təkcə formada qalmaq üçün yox. Siz özünüz də yazarsınız. Yarımçıq qoyduğunuz yazıya sonradan qayıda bilirsiniz?

 

– Nadir hallarda. Fikrin ucu gedib başqa tərəfə çıxır.

– Çoxdanın söhbətidir. Fransaya ayyarımlıq yaradıcılıq ezamiyyəti var idi. Elə arzulayırdım ki, gedim, muzeyləri gəzim, sənətimlə bağlı dünyagörüşümü artırım. Amma ürəyimin dərinliyində bir səs deyirdi ki, getmə. Çünki bir fikrim var idi, onu işləmək istəyirdim. Hiss edirdim ki, bu qədər fasilə versəm, işləyə bilməyəcəm… Nə isə, getdim. Fransadan qayıtdıqdan sonra həmin ideyanı gerçəkləşdirə bilmədim. Çünki ideya yadımda idi, amma onun təcəssümü yox. Daha həmin ideyaya qayıda bilmədim.

 

– Bayaq emalatxanada bir fikir söylədiniz. Dediniz ki, insanlar məktəbdə yazıb-oxumağı, mütaliə etməyi öyrəndikləri üçün ədəbiyyat onlara təsviri sənətdən daha yaxındır. İnsanlara uşaq yaşlarından təsviri sənəti hiss etməyi, anlamağı öyrətsəydilər, cəmiyyət necə olardı?

– Təsviri sənəti anlayan, sevən daha çox olardı. Məsələn, bir qadın portretinə baxıb nə gözəl qadındır deyib keçməzdilər (gülür). Deyərdilər ki, rəssam rəng keçidlərini necə gözəl həll edib, qadının ovqatını məharətlə tutub.

 

– Aydındır. Deməli, cəmiyyət sənətdən daha çox zövq alardı…

– …

***

Həmin gün Xalq rəssamı Fuad Salayevlə çox mətləbdən danışdıq. Söhbətimizin bir qisminin qəzətdə verilməsini özü istəmədi, bir hissəsi də müsahibənin məntiqi axınına uyğun gəlmədi, daha dəqiq desək, o söhbətlərin başqa yazılara mövzu olacağını düşündüm.

Lakin onun emalatxanasından çıxandan sonra yolboyu müsahibənin əvvəlində dediyi fikir beynimdə xeyli fırlandı...

Məncə, bir məqamda Fuad müəllim tam haqlı deyildi. Çünki bəstəkarlıq, yazıçılıq, rəssamlıq kimi yaradıcı sənətlər təkcə Allah vergisi sayılan istedadın, qabiliyyətin sayəsində öz sahibini seçkinlər cərgəsinə çıxarmır, ona maddi və mənəvi üstünlüklər bəxş etmir. Deyilənlərə nail olmaqdan ötrü gərək yorulmadan çalışasan, öyrənəsən, zəhmətə qatlaşasan, sənin əməyinin və istedadının məhsuluna tələbat az olduqda belə, məsləkdən üz döndərməyəsən, zaman-zaman çətinliklərə dözəsən, hər şeyə rəğmən yaratmaq eşqini yaşatmağa qadir olasan. Bütün bunlardan şərəflə keçib, sınaqlardan salamat çıxandan sonra 80 yaşlı Fuad Salayev kimi deyəcəksən: nə qədər ki, ayaq üstəyəm, yaşayıram, düşünürəm, deməli, yaradacağam. 

Gülcahan Mirməmməd