Qırğızıstanın Bişkek şəhərində Alykul Osmonov adına Qırğızıstan Milli Kitabxanasında Türk Akademiyasının və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə əməkdaşlığı çərçivəsində nəşr olunan “Saqımbaydın Manası” kitabının təqdimat mərasimi keçirilib.

Layihə çərçivəsində “Manas” eposunun Saqımbay Orozbakovun variantı Qırğızıstanın görkəmli sənətçisi və manasçısı Rısbay İsakovun redaktorluğu ilə ilk dəfə nəsr şəklində yayımlanıb.

Tədbirdə Qırğız Respublikasının Prezident Administrasiyası Siyasi və iqtisadi araşdırmalar şöbəsinin müdiri Oktyabr Kapalbayev dövlət katibi Suyinbek Kasmanbetovun təbrik məktubunu oxuyaraq layihənin əhəmiyyətini vurğulayıb.

Türk Akademiyasının prezidenti Şahin Mustafayev bildirib ki, yarım milyon misradan ibarət “Manas” dastanı dünya miqyasında və Türk dünyasında ən irihəcmli dastan hesab olunur. V-XII əsrlərdə meydana çıxan “Manas” “Oğuz Kağan” dastanı ənənəsi ilə indiki dövr arasında simvolik əlaqə yaradır.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva şifahi ənənə ilə əsrlər boyu nəsildən-nəslə ötürülən “Manas”ın qırğız xalqının daxili dünyasını, mənəviyyatını əks etdirdiyini bildirib. “Manas” qırğız xalqının gücüdür. Eposda qırğızların qəhrəmanlıq səhifələri, Vətənə sevgisi, torpağın müdafiəsinə hər zaman hazır olması özünü göstərir”, – deyə o qeyd edib.

G.Əfəndiyeva Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin “Manas bizim hamımızın, türk xalqlarının hamısının ulu babasıdır” sözlərini xatırladaraq eposu Türk dünyasını birləşdirən amil kimi qiymətləndirib.

Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin birinci müavini Kayrat İmanaliyev, Joqorku Keneşin (Milli Məclis) deputatı Nurcigit Kadırbekov, Azərbaycanın səfiri Lətif Qəndilov, akademik Abdıldacan Akmataliyev və başqaları çıxış edərək müasir dövrdə qədim türk dastanlarının araşdırılmasının və daha dərindən öyrənilməsinin əhəmiyyətini vurğulayıblar.

Sonda G.Əfəndiyevaya və Şahin Mustafayevə “Manas” medalı təqdim olunub.