AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynovun rəhbərliyi ilə Göygöl rayonu ərazisində uzun fasilədən sonra yenidən arxeoloji tədqiqatlara başlanılıb.

AMEA-dan bildirilib ki, tədqiqat işləri Göygöl-Topalhəsənli yolunun sol tərəfində, yoldan 120 metr məsafədə 5 metrə yaxın hündürlüyü olan kiçik təpənin üzərində yerləşən kurqanda həyata keçirilib. Torpaq örtüklü kurqanın diametri 22 metr, hündürlüyü 1,5 metrdir. Kurqanda maraqlı dəfn adətləri qeydə alınıb. Burada kurqan örtüyü götürüldükdən sonra 2,2x2,4 metr ölçüdə, 1 metr dərinliyi olan əsas kurqanaltı kamera yerləşir. Əsas kamera Son Tunc-Erkən Dəmir dövrünə aiddir. Digər maraqlı cəhət isə vaxtilə kurqanın yerləşdiyi təpədə Erkən Tunc dövrünə aid torpaq qəbrin salınmasıdır. Son Tunc-Erkən Dəmir dövrü kamerası torpaq qəbrin bir hissəsini kəsdiyi üçün məzarın bu hissəsi dağıntıya məruz qalıb. Torpaq qəbrin kurqan qurulmazdan əvvəl salındığı müşahidə edilib. Əsas kurqanaltı kameradan başqa, kurqan örtüyündə sonradan erkən müsəlman dövrünə aid 10 ədəd katakomba tipli sapma qəbirlər salınıb. Sapma qəbirlərin üzərinə bir cərgə uzunsov çaydaşı düzülüb. Beləliklə, torpaq örtüklü kurqanda torpaq qəbir, qəbir kamerası və 10 sapma qəbir aşkarlanıb.

Qeyd edək ki, Azərbaycan ərazisində kurqan tipli abidələrə ən çox rast gəlinən bölgələrdən biri Göygöl rayonudur. İndiyədək Gəncəçayın hər iki sahilində, kiçik təpələr üzərindəki düzənlik sahədə yüzlərlə kurqan qeydə alınıb və bir qismi bu ərazidə məskunlaşmış almanəsilli şəxslər tərəfindən XIX əsrin sonları və XX əsrin əvvəllərində tədqiq edilib. Tədqiqatçılar içərisində Y.Hümmelin (1941-ci ildə Qazaxıstana sürgün edilib) XX əsrin 20-30-cu illərində burada çoxsaylı kurqanlarda apardığı arxeoloji qazıntı işləri elmi cəhətdən özündən əvvəlki mütəxəssislərin tədqiqatlarından köklü şəkildə fərqlənməklə Azərbaycanın qədim tarixinin öyrənilməsində müstəsna əhəmiyyət kəsb edir.