Yazıçı-publisistin Anım Gününə töhfəsi

 

Ön cəbhədə ölümün gözünün içinə baxaraq düşmənlə döyüşmək böyük hünərdir. Vətən övladlarının şücaətindən yazmaq, onların taleyini izləmək, igidləri yazılı sözün qüdrəti ilə tanıtmaq da az iş deyil. Əgər bu tanıtım təkcə doğmalarının anlayacağı dildə yox, sayımızdan dəfələrlə böyük toplumların başa düşdüyü dildə aparılırsa, o zaman elə əməlin özü də hünər məqamına yetişir...

27 sentyabr – Anım Günü ərəfəsində tanınmış yazıçı-publisist, Əməkdar jurnalist Zemfira Məhərrəmlinin Qarabağ uğrunda savaşmış igidlərimizə həsr olunmuş iki kitabı təqdim edildi. Kitablardan biri – “Zəfər yolçuları” İstanbulda Türk Ədəbiyyatı Vəqfinin “Turay” nəşriyyatında türkcə nəşr edilib. İngilis dilinə çevrilmiş “Qızılgüllərin ətri” (The scent of roses) isə Bakıda “Mütərcim” nəşriyyatında çapdan çıxıb.

Zemfira xanım ötən əsrin 90-cı illərindən başlayaraq Qarabağ mövzusunu öz yaradıcılığının əsas istiqaməti seçib. Müəllifin indiyədək çap olunmuş 17 kitabının əksəriyyəti Qarabağ uğrunda canından keçmiş şəhidlərimizə, müharibə iştirakçıları və qazilərimizə həsr olunub.

“Zəfər yolçuları” kitabında Qarabağ savaşının ilk günlərindən 44 günlük Vətən müharibəsinədək keçən təxminən otuz üç il ərzində işğal illərində yaşadığımız iztirablar, ərazi bütövlüyümüz uğrunda mücadiləmiz, şəhidlərimizin savaş hünəri, böyük Zəfərimizə həsr olunmuş bədii və sənədli hekayələr toplanıb. Kitabı Türkiyə türkcəsinə yazıçı, şair-publisist İmdat Avşar çevirib. “Zəfər yolçuları” müəllifin Türkiyədə nəşr olunmuş üçüncü kitabıdır.

Zemfira Məhərrəmlinin ingilis dilində ikinci kitabı olan “Qızılgüllərin ətri” də Qarabağ savaşı silsiləsinin məntiqi davamıdır. Kitabı ingilis dilinə yazıçı-tərcüməçi Kamran Nəzirli çevirib.

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda keçirilən təqdimat mərasimində öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli, tənqidçi Bəsti Əlibəyli, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, Əməkdar jurnalistlər Bahəddin Həzi, Əntiqə Qonaq, yazıçı-tərcüməçi Kamran Nəzirli, şairlər Nəzakət Məmmədli, Rəfail Tağızadə, hərbi jurnalist Vahid Məhərrəm və başqaları iştirak edirdilər. Zemfira xanımın Qarabağ müharibəsindən yazmağa başladığı dövrdən dostlaşdığı şəhid ailələrinin üzvləri, qazilər də təqdimat mərasiminə fəxri qonaq qismində qatılmışdılar.

Gülcahan Mirməmməd