Məsud Pənahi: “Adil İsgəndərov “Tıq-tıq xanım və Siçan bəy”in bütün heyətini kinostudiyada işə götürmüşdü”

 

Tanınmış animasiya rejissoru və rəssamı Məsud Pənahi. O, Cənubi azərbaycanlı yazıçı, Təbrizdə Milli hökumətin qurulmasında və fəaliyyətində mühüm rol oynamış Pənahi Makulunun (1900-1971) yadigarıdır. Animasiya sahəsində çoxsaylı uğurlara imza atıb. 1979-cu ildən Almaniyada yaşayan sənətkar bu günlərdə paytaxtımızda keçirilən 6-cı “Animafilm” Beynəlxalq Animasiya Festivalının qonaqları arasında idi. Bu il 80 illiyini qeyd edən Məsud müəllim daha çox “Tıq-tıq xanım və Siçan bəy” (1974) cizgi filmi ilə məşhurdur. Onunla elə festival zamanı həmsöhbət olduq.

 

– Bakıya tez-tez gəlirsiniz?

– Son illər animasiya festivalına görə, demək olar ki, hər il Azərbaycana gəlirəm. Festivala dəstək olmaq istəyirəm. Çalışıram ki, imkanım qədər gəncləri animasiya ilə məşğul olmağa cəlb edim. Birinci festivalda maraqlanan az idi. İndi gördüyünüz kimi, həm festivalın açılışına çoxsaylı insanlar qatıldı, həm də gənclərin animasiya sahəsinə marağı artıb. Qıraqdan baxanda görmək olur ki, bu tələbdir və lazımlı fəaliyyətdir.

 

– Animasiyamızda sizin adınız hər zaman ön sıralardadır. Vaxtilə lentə aldığınız “Tıq-tıq xanım və Siçan bəy” cizgi filminə olan maraq heç də azalmır. Bu filmin uğuru nədədir?

– Filmi çəkəndə onun belə uğur qazanacağını düşünməmişdim. Əsas məqsədim bu nağılı müasir dövrə uyğun lentə almaq idi. Xalq musiqisini, xalq oyununu yeni bir formada təqdim etmək istəyirdim. Ona görə də filmdə xalq musiqisi ilə yanaşı, rəhmətlik Vaqif Mustafazadənin də musiqisinə yer vermişəm. Ramiz Rövşən isə mahnı mətni yazıb. Bu film Ramiz Rövşənin film sahəsində debütü də sayıla bilər. O zaman yalnız gənclərlə işləmək istəyirdim. Vaqif Mustafazadənin təklifi ilə “Sevil” vokal qrupu üzvlərindən birinin səsini yazdım. Filmdə sevilən aktrisamız Zemfira İsmayılovanın, rəhmətlik rejissorlar Arif Babayevin və Adil İsgəndərovun (toybəyi) səsi yer alıb.

 

– Həmin dövrdə bizdə animasiya elə də populyar olmayıb...

– Bəli, zəif idi. Mən animasiyaya başlayanda bu sahədə rəsmdən istifadə, demək olar ki, yox idi. İstəyirdim rəsm filmi olsun. İlk rəsm filmi 1973-cü ildə çəkdiyim “Bulud niyə ağlayır?” ekran işi idi. 1974-cü ildə Bakıda VII Ümumittifaq Kinofestivalında filmə birinci mükafat verildi. Onu da deyim ki, Adil İsgəndərov “Tıq-tıq xanım və Siçan bəy”in bütün heyətini o vaxt bütünlükdə kinostudiyada işə götürmüşdü. Çünki bu heyət cizgi filmi üçün yaxşı ixtisaslaşmış komanda idi. Daha sonra mən rejissorluqdan əlavə, təşkilati işlərlə də məşğul olmağa başladım. Bizdən üç gənc xanım Kiyevə, üç gənc oğlan isə Moskvaya “Soyuzmultfilmə” animasiya üzrə təhsil almağa göndərildi. Mütəxəssis baxımından Moskvadan asılı olmaq istəmirdim. Belə də oldu. Onlar oxuyub gəldilər və artıq bizim öz mütəxəssislərimiz vardı. Zaman elə gətirdi ki, mən Almaniyaya getməli oldum. Və artıq uzun illərdir Almaniyada yaşayıram.

 

– Getməyinizə nə səbəb oldu?

– Kimsə deyə bilər ki, mən maddi vəziyyətə görə getmişəm. Xeyr, o zaman burada da imkanım pis deyildi. Bakıda sonuncu filmim “Qız qalası” oldu. Fikrim var idi ki, bu məşhur mövzudan film çəkim və o qız Azərbaycanın bütövlüyünün simvolu olsun. “Qız qalası” mənim üçün vacib film idi. Əslində, göstərmək istəyirdim ki, düşmən yanımızdadır. Bu, Azərbaycan animasiyasında ilk 18 dəqiqəlik rəsm filmidir.

 

– Bu gün Azərbaycanda animasiyanın inkişafı üçün nələr çatışmır?

– Düşünürəm ki, bu sahəni maddiyyatı güdmədən gənclərə təbliğ etmək, öyrətmək lazımdır. Bizdə istedadlı gənclər var, lakin onları öyrətməyə mütəxəssislər yoxdur. Gəncləri düzgün yönəltmək, sənətin sirlərini öyrətmək lazımdır.

 

– Bəs müasir dünya animasiyasındakı yeniliklərə münasibətiniz necədir?

– Zaman var idi, nənə otururdu kürsünün qırağında uşaqlara nağıl danışırdı. Nağıllar zamanla keçdi kitaba. Sonra yavaş-yavaş animasiyaya. Sonra kino oldu. İndi animasiya çox inkişaf edib. Bu gün elə bir sənət yoxdur ki, orada animasiya olmasın. Dünyada binaların inşasından tutmuş istənilən sahəni animasiya əhatə edir. Binanın layihəsi, yaxud kosmosa uçuş və s. bunların nümayişi də animasiyadır. Ona görə də animasiyada yeniliklər, fantaziyalar yaranıb.

 

– Kompüter qrafikası ilə işlənmiş oxşar personajlı cizgi filmlərinə uşaqların marağı daha azdır. Rəsm animasiyası isə daha cəlbedicidir...

– Kompüter qrafikası oyun animasiyasıdır. Mən Bakıda çalışanda bir film üzərində 40-dan çox adam işləyirdi. 10 dəqiqəlik bir filmi 8 aya başa gətirirdik. İndi texnologiya, sistem tamam dəyişilib. Texnika insanların əməyinin bir hissəsini əvəz edib. Eyni zamanda animasiya sahəsində də vəziyyət belədir. Məsələn, əlin aşağıdan yuxarı qalxması prosesində aradakı məsafəni vermək üçün bir neçə faza çəkilirdi. Daha sonra rəngləmək, indi bütün bunlar ixtisara düşüb. Kompüterdə komanda verirsən, hamısını özü rəngləyir. Ancaq rəsm sənəti əsasdır...

 

– O zaman ildə neçə animasiya filmi istehsal olunurdu?

– İldə 4-5 film çəkilirdi. O vaxt maliyyə ayrılırdı. Bu gün animasiya ilə məşğul olmağı düşünürsənsə, ilk növbədə, xaricdə animasiya bazarının tələbini öyrənməlisən. Bunu öyrənmədən, öz ideyanla heç nə əldə edə bilməyəcəksən...

 

– Bir qədər də Almaniyadakı fəaliyyətinizdən danışaq.

– Orada 7 il məktəbdə işlədim. İl yarım digər kino məktəbində animasiyadan dərs dedim. 15 il Berlin Mərkəzi Telestudiyasında və müxtəlif animasiya studiyalarında çalışdım və 60-dan çox animasiya filmi ərsəyə gətirdim. Bundan əlavə, müxtəlif animasiya studiyalarında da çalışırdım. Daha sonra evdə çalışmağa başladım. Həyat yoldaşım ağır xəstə olduğu üçün ona baxmalı idim. Bu müddətdə “Rezin xoruz” adlı avtobioqrafik kitabımı yazdım, 2020-ci ildə Berlin şəhərində nəşr olundu. Bakıdan festivala dəvət olunanda həmin kitabdan da gətirməyi xahiş etdilər. Gətirib iştirakçılara payladım. Almaniyaya qayıdıb ustad dərslərinə başlayacağam. Əvvəllər intensiv gedirdim, amma indi yaşımla bağlı azaltmışam. Arzum Bakıda gəncləri bir yerə yığıb onlara üç ay müddətində animasiya dərsləri keçməkdir.

 

– Məsud müəllim, gələn il “Tıq-tıq xanım və Siçan bəy”in 50 yaşı olacaq.

– Bəli, bu filmin 50 illiyi tamam olacaq. Ümidvaram ki, bizim animasiya da inkişaf mərhələsinə qədəm qoyacaq. Bunun üçün, ilk növbədə, tələb və düzgün hesablanmış auditoriyaya diqqət etmək lazımdır. Mütləq ilkin addımları atmaq lazımdır. Gənc rejissor Nəzrin Ağamalıyevanın “Hədis” animasiya filmi dünyanın ən böyük animasiya festivalı olan Annecy festivalında iştirak edib. Film 25-dən çox beynəlxalq festivala qəbul olunub ki, onlardan üçü – Annecy, Busan və “Animest” Oskar standartlı festivallardır. Yəni əsas şərt o deyil ki, qalib olasan. Əsas orada iştirak etməkdir. Biz fəxr etməliyik ki, əziyyətimiz boşa getməyib. 

 

– Maraqlı müsahibəyə görə təşəkkür edirəm.

L.Azəri